Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar regionda formalaşan yeni geosiyasi reallığın və sülh gündəliyinin təsdiqidir.
Sfera.az xəbər verir ki, deputat bu fikirləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada səsləndirib.
Rizvan Nəbiyev çıxışında mesajın verildiyi məkanın xüsusi rəmzi məna daşıdığını bildirib:
“Şərqi Zəngəzur işğaldan azad olunub və bu mesaj məhz oradan verilib. Bu həm tarixi, həm də siyasi baxımdan mühüm anlam daşıyır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində regional güclərə və revanşist dairələrə açıq mesaj kimi qiymətləndirilməlidir:
“Prezident açıq şəkildə bildirdi ki, regionda yeni status-kvo yaranıb və sülh prosesinin memarı Azərbaycandır”.
Rizvan Nəbiyev Prezidentin “Biz istəməsəydik, sülh olmazdı” fikrinin xüsusi siyasi mahiyyət daşıdığını da vurğulayıb:
“Azərbaycan həm hərbi, həm də siyasi-diplomatik yollarla nəticə əldə etdi. Ağdam, Laçın və Kəlbəcər hərbi əməliyyat aparılmadan azad olundu”.
Deputat söyləyib ki, bu proses Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin nəticəsidir və ölkənin sülh strategiyasını gücləndirib.
Rizvan Nəbiyev onu da vurğuladı ki, bəzi xarici qüvvələr, xüsusilə Fransa Ermənistanı Cənubi Qafqazda təsir vasitəsi kimi saxlamağa çalışır:
“Radikal müxalifət, diaspora, bəzi oliqarx dairələr və Ermənistan kilsəsi bu prosesə müqavimət göstərən əsas qüvvələrdir. Söhbət Zəngəzur dəhlizi və regionun nəqliyyat-kommunikasiya xətlərindən gedir. Məqsəd bu marşrutlara təsir imkanlarını qorumaqdır”.
Rizvan Nəbiyev Ermənistanın keçmiş səhvlərini qəbul etməsinin vacibliyini də qeyd edib:
“Ermənistan cəmiyyəti keçmiş narrativlər üzərində deyil, real dövlətçilik üzərində gələcəyini qurmalıdır”.
Deputat əlavə edib ki, Ermənistan üçün sülh gündəliyi tarixi fürsətdir və regionda yeni siyasi reallıqların qəbul edilməsi qaçılmazdır:
“Azərbaycan isə bu prosesdə sabitlik və əməkdaşlığın əsas təminatçısıdır”.
Firuzə Əliyeva
Sfera.az