"Ermənistanda keçiriləcək parlament seçkiləri regionda sülh prosesinin gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır".
Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusundakı dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.
Fariz İsmayılzadə qeyd edib ki, Ermənistanda hazırda iki fərqli yanaşma arasında ciddi mübarizə gedir:
“Hazırkı hakimiyyət Ermənistanı qonşularla sülh münasibətləri quran ölkə kimi təqdim etməyə çalışır. Amma revanşist qüvvələr bu prosesə müqavimət göstərirlər və bu seçkilər onlar üçün son şanslardan biri hesab olunur”.
Deputatın sözlərinə görə, sülh prosesinə qarşı çıxan qüvvələr sırasında radikal müxalifət, diaspora təşkilatları, oliqarxlar və Ermənistan kilsəsi yer alır:
“Son həftələr Avropanın bəzi ölkələrində Azərbaycana qarşı qəbul edilən qətnamələrdə diaspora və lobbi qruplarının rolu açıq şəkildə görünür”.
Fariz İsmayılzadə bildirib ki, bəzi xarici güclər də Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını qorumağa çalışırlar:
“Məqsəd regionu nəzarətdə saxlamaq, nəqliyyat dəhlizlərinə, xüsusilə Zəngəzur dəhlizinə təsir imkanlarını davam etdirməkdir”.
Deputat vurğulayıb ki, bütün qlobal qeyri-sabitliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir:
“Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür və Prezident İlham Əliyevin vizyonu ölkəni regionun güclü və etibarlı mərkəzinə çevirməkdir”.
Firuzə Əliyeva
Sfera.az