Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ölkənin post-münaqişə zonalarında əldə etdiyi təcrübəni beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm platforma olacaq.
Sfera.az xəbər verir ki, deputat bu fikirləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada səsləndirib.
Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və bərpa işləri baxımından dünyada ən təcrübəli ölkələrdən birinə çevrilib:
“Azərbaycan kimi başqa bir ölkə yoxdur ki, öz ərazilərini tam şəkildə bərpa etsin, on minlərlə insanı doğma torpaqlarına qaytarsın və eyni zamanda həm infrastruktur, həm yaşıl zonalar, həm də ağıllı şəhər və kənd layihələri həyata keçirsin”.
Deputat vurğulayıb ki, hər il dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına milyardlarla manat vəsait ayrılır:
“Bu, bir daha göstərir ki, Azərbaycan Qarabağa öz doğma torpağı kimi yanaşır və həmin bölgələrdə həyatın bərpası, sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində praktik addımlar atılır”.
Fariz İsmayılzadənin sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti yalnız siyasi bəyanatlardan ibarət deyil, eyni zamanda yerlərdə real dəyişikliklər və inkişaf layihələri ilə müşayiət olunur.
Firuzə Əliyeva
Sfera.az