Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-İran danışıqları prosesində müəyyən çətinliklərin olduğunu, lakin tərəflərin müharibənin dayandırılmasında maraqlı olduqlarını açıqlayıb.
Sfera.az xəbər verir ki, Qətərdə keçirilən mətbuat konfransında çıxış edən Fidan bildirib ki, danışıqların mürəkkəb məqamları olsa da, əsas müsbət məqam hər iki tərəfin müharibəyə son qoymaq istəməsidir. Onun sözlərinə görə, tərəflər Hörmüz boğazı üzərindən gəmi keçidinin bərpasını və bloklanmış gəmilər probleminin həllini hədəfləyirlər. “Hər iki tərəf həqiqətən müharibəyə son qoymaq istəyir.
Problem ondadır ki, bunu necə formalaşdırmaq və kağız üzərində elə əks etdirmək olar ki, hər iki tərəf üçün qəbul edilən olsun”,– deyə Fidan vurğulayıb. Türkiyəli nazir qeyd edib ki, hazırda tərəflər arasında mesaj mübadiləsi davam edir və diplomatik təmaslar sürdürülür. Fidan həmçinin bildirib ki, müharibənin yenidən başlaması bölgədə dağıntıları daha da artıracaq.
Onun sözlərinə görə, Hörmüz boğazından “silah kimi” istifadənin qarşısının alınması regional təhlükəsizlik, sabitlik və qlobal iqtisadiyyat baxımından böyük əhəmiyyət daşıyır. Nazir əlavə edib ki, Türkiyə təhlükəsiz gəmi keçidinin təmin olunması və bölgədə gərginliyin yenidən artmasının qarşısının alınması üçün aparılan bütün diplomatik səyləri dəstəkləyir.
Fidan Hacızadə
Sfera.az