"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün deyil, onu idarə etmək məqsədilə fəaliyyət göstərib".
Sfera.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusundakı dəyirmi masada çıxışı zamanı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etdiyi dövrdə ATƏM-ə (sonradan ATƏT) müraciət edərək vasitəçilik istəyib və beynəlxalq təşkilatların bəyan etdikləri prinsiplərə uyğun davranacağına inanıb:
“Biz bir illüziyanın içində yaşayan cəmiyyət idik. Düşünürdük ki, beynəlxalq təşkilatlar ədalətli mövqe sərgiləyəcək və Azərbaycanı bu bəladan xilas edəcəklər. Amma proses göstərdi ki, Minsk qrupu münaqişəni həll etmək yox, konflikt menecmenti ilə məşğul olan bir qurum idi”.
Sabiq nazirin sözlərinə görə, illər boyu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə baxmayaraq, rəsmi İrəvana qarşı ciddi təzyiqlər olmayıb:
“Biz görürdük ki, işğalçı heç bir təzyiqə məruz qalmırdı. Əksinə, müxtəlif vasitələrlə ona dəstək verilirdi. Rusiya silahla, Qərb isə maliyyə və siyasi baxımdan Ermənistanı dəstəkləyirdi”.
Tofiq Zülfüqarov vurğulayıb ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq hüquqa və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə edib:
“Azərbaycan dövləti və Prezident İlham Əliyevin siyasəti nəticəsində işğal və onun qalıqları ölkə ərazisindən rədd edildi. Bununla da Azərbaycanın suverenliyinə qarşı formalaşdırılmış beynəlxalq sistem dağıdıldı”.
Firuzə Əliyeva
Sfera.az