Havaların istiləşməsi bir çox insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir.
Günəşli hava, uzun günlər və aktiv həyat tərzi insanlarda enerjini artırır. Lakin bəzi insanlar üçün mövsüm dəyişiklikləri və havanın isinməsi xüsusi emosional fərq yaratmır, hətta yorğunluq, halsızlıq və ruh düşkünlüyü hissləri davam edir.
Belə halları depressiya əlaməti hesab etmək olarmı? İnsanların havanın istiləşməsinə qarşı fərqli emosional reaksiyalar verməsinin əsas səbəbləri nədir?
Sfera.az-a bu barədə açıqlama verən psixoloq Gövhər Məmmədova fəsillərin dəyişməsinin insan orqanizmində müxtəlif fizioloji və psixoloji dəyişikliklərə səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, bu dövrdə hormon balansında dəyişikliklər, əzələ və baş ağrıları, yuxusuzluq, halsızlıq kimi hallar müşahidə edilir:
“Xüsusilə meteohəssas insanlarda bu təsirlər daha qabarıq şəkildə özünü göstərir və hətta gündəlik hava dəyişiklikləri belə onların ümumi vəziyyətinə təsir edə bilir. Yay aylarında havaların istiləşməsi ilə orqanizmin yeni temperatur şəraitinə uyğunlaşması müəyyən zaman tələb edir. Bu səbəbdən bəzi insanlarda yorğunluq, enerji azalması və yuxu pozuntuları yaranır. Mütəxəssislər günün ən qızmar saatlarında açıq havada uzun müddət qalmamağı, daha çox kölgə və sərin mühitlərə üstünlük verməyi tövsiyə edirlər. Bununla yanaşı, kifayət qədər su qəbul etmək, yuxu rejiminə diqqət yetirmək və asudə vaxtı daha səmərəli keçirmək həm fiziki, həm də psixoloji balansın qorunmasına kömək edir. Bu qaydalara əməl etmək yay mövsümünü daha rahat və sağlam keçirməyə imkan yaradır”.
Qeyd edək ki, son bir həftə ərzində ölkə ərazisində hava temperaturunda nəzərəçarpacaq artım müşahidə olunur. Sinoptiklərin məlumatına görə, bəzi bölgələrdə temperatur normadan yüksək qeydə alınıb.
Fidan Hacızadə
Sfera.az