Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan cəmiyyətinin qarşıdakı parlament seçkilərində verəcəyi qərar regionda sülhün və sabitliyin gələcəyi baxımından həlledici olacaq.




Sfera.az xəbər verir ki, Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan cəmiyyəti uzun illər müharibə, işğal və dağıntılardan yorulub və artıq daha çox sülhə meyllidir:




“Ermənistan cəmiyyətində sülhə çağırış edən siyasi qüvvələr var və bu gün artıq revanşistlər tək deyillər. Siyasi elita daxilində də bu reallığı anlayanlar mövcuddur”.




Sabiq nazirin sözlərinə görə, Ermənistanın sülh yolunu seçməsi həm dövlətin gələcəyi, həm də hazırkı siyasi rəhbərliyin taleyi ilə birbaşa bağlıdır:




“Ermənistanın sülh gündəliyini qəbul etməsi bir neçə il davam edən yanlış siyasətlərin nəticəsində formalaşıb. Bu gün isə seçicilər sülh tərəfdarlarına üstünlük verə bilər”.




Tofiq Zülfüqarov bildirib ki, sülh prosesinin əsas təşəbbüskarı Azərbaycan olub və bu reallıq Prezident İlham Əliyevin siyasəti ilə formalaşıb:




“Zəngilanda Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, sülh gündəliyinin təşəbbüskarı Azərbaycandır. Ermənistan isə bu prosesə sonradan qoşulub”.




Sabiq nazir əlavə edib ki, Ermənistanın sülh bəyanatları Azərbaycandan gələn siyasi və hərbi reallıqların nəticəsidir:




“Əgər bu reallıq və təzyiq olmasaydı, sülh yönümlü bəyanatlar da eşidilməzdi. Bu proses təsadüfi deyil, formalaşdırılmış reallıqdır”.




O həmçinin qeyd edib ki, regionda davamlı sülhün təmin olunması Azərbaycanın yaratdığı siyasi gündəlikdən asılıdır:




“Əsas təsir edən faktor Azərbaycan dövlətinin siyasəti və Prezident İlham Əliyevin sülh gündəliyidir. Digər halda bölgədə sabitlik mümkün olmazdı”.




Firuzə Əliyeva

Sfera.az