"Ermənistan parlament seçkilərində Azərbaycan nümayəndə heyətinin müşahidəçi qismində iştirak edib-etməyəcəyi hələlik dəqiq deyil".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada sualları cavablandırarkən deyib.
Fariz İsmayılzadə qeyd edib ki, son dövrlərdə Azərbaycan və Ermənistan arasında sülh və etimad mühitinin formalaşmasına yönəlmiş müəyyən addımlar atılır:
“İqtisadi əlaqələrdə müəyyən irəliləyişlər var, Azərbaycan həm öz məhsullarını, həm də tranzit imkanları vasitəsilə üçüncü ölkələrin mallarını daşıyır. Eyni zamanda, müxtəlif platformalarda qarşılıqlı təmaslar və ictimai diplomatiya formatında görüşlər həyata keçirilir”.
Deputat bildirib ki, son illərdə ilk dəfə olaraq yüksək səviyyəli təmaslar və beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak halları müşahidə olunur:
“Son 35 ildə ilk dəfə ölkə rəhbəri Ermənistanda keçirilən beynəlxalq tədbirdə videoformatda çıxış edib. Bu, müəyyən etimad mühitinin yaranmasına işarədir”.
Fariz İsmayılzadənin sözlərinə görə, seçkilərdə müşahidəçilik formatı müxtəlif ola bilər, lakin konkret olaraq Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı qərar hələ verilməyib:
“Beynəlxalq müşahidəçilik müxtəlif formatlarda olur – beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və ya ikitərəfli razılaşmalar əsasında. Hansı formatın tətbiq olunacağı barədə hələ dəqiq məlumat yoxdur”.
Firuzə Əliyeva
Sfera.az