"Fransanın neokolonial siyasəti əsasən maliyyə nəzarəti, hərbi güc və siyasi idarəetmə mexanizmləri üzərində qurulub".
Sfera.az xəbər verir ki, bunu siyasi analitik, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib.
Rizvan Hüseynov qeyd edib ki, Fransa İkinci Dünya müharibəsindən sonra formal olaraq qalib dövlətlərdən biri kimi görünsə də, əslində ABŞ-nin Avropadakı əsas müttəfiqi kimi çıxış edib və xüsusilə Şimali Afrika və Məğrib ölkələrində yeni tip kolonial sistem formalaşdırıb.
Onun sözlərinə görə, Fransanın neokolonial siyasəti üç əsas istiqamət üzrə inkişaf edib:
Maliyyə nəzarəti - Valyuta və bank sistemləri üzərində təsir mexanizmləri
Hərbi müdaxilə - Xarici hərbi kontingentlər və təsir gücü
Siyasi idarəetmə - Tabe olan yerli hakimiyyətlərin formalaşdırılması.
Analitik bildirib ki, son illərdə Afrika və Yaxın Şərqdə Fransanın təsir imkanları azalır və bu boşluğu digər aktorlar doldurmağa başlayıb:
“Son 10-15 ildə, xüsusilə "Ərəb baharı"ndan sonra Fransa bir çox regionlardan sıxışdırılıb. Bu boşluğu Çin, Rusiya və Türkiyə kimi ölkələr doldurur”.
Rizvan Hüseynovun sözlərinə görə, bu səbəbdən Fransa diqqətini Cənubi Qafqaza yönəldib və xüsusilə Ermənistan üzərindən təsir imkanlarını artırmağa çalışır:
“Fransa Ermənistanı forpost kimi istifadə etmək istəyir. Amma bu siyasətin uğur qazanması çətin görünür”.
O əlavə edib ki, Azərbaycan regionda əsas lider mövqeyini qoruyur və bu liderlik həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan şərtsiz xarakter daşıyır.
Firuzə Əliyeva
Sfera.az