ABŞ mətbuatında yayılan xəbərlərə görə, İsrail İrana qarşı mümkün hərbi əməliyyatlar planı çərçivəsində İraq səhrasında gizli hərbi baza qurub. 




Sfera.az xəbər verir ki, “The Wall Street Journal”a danışan mənbələr bildiriblər ki, baza İsrail xüsusi təyinatlılarının yerləşməsi və Hərbi Hava Qüvvələrinin logistika mərkəzi kimi istifadə edilməsi məqsədilə hazırlanıb.


 


İddialara görə, burada həmçinin mümkün hava hücumları zamanı İsrail təyyarələrinin xilas olunması üçün xüsusi qruplar hazır vəziyyətdə saxlanılıb.




Məlumata görə, mart ayında bölgədə qeyri-adi vertolyot hərəkətlərini görən bir çoban vəziyyəti İraq hakimiyyətinə xəbər verib. Bunun nəticəsində əraziyə araşdırma üçün qoşun göndərilib, lakin İsrail hava əməliyyatları zamanı bir İraq əsgəri həlak olub. İsrail rəsmiləri isə bəzən “təxəyyülə meydan oxuyan missiyalar” ifadəsi ilə müharibə zamanı həyata keçirilən gizli əməliyyatlara istinad ediblər.




Buna baxmayaraq, İraq rəsmiləri iddiaları qəti şəkildə təkzib edib. İraq Təhlükəsizlik Media Şəbəkəsinin rəhbəri Saad Maan bildirib ki, ölkədə aparılan yoxlamalar zamanı “icazəsiz xarici hərbi qüvvələr və avadanlıqlar” aşkarlanmayıb. O, yayılan xəbərlərin ötən ilin mart ayında baş vermiş hava əməliyyatı ilə əlaqəli olduğunu vurğulayıb.




Hadisə ilə bağlı İraq rəsmiləri ölkədə hər hansı xarici hərbi mövcudluğun olmadığını və vəziyyətin tam nəzarət altında olduğunu bildirib.


 


Mənsumə

Sfera.az