Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, bəzi xarici qüvvələrin Ermənistana verdiyi siyasi, iqtisadi və hərbi dəstək regionda sülh prosesinə mane ola bilər.
Sfera.az xəbər verir ki, deputat bu fikirləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada jurnalistin sualını cavablandırarkən səsləndirib.
Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycanı narahat edən əsas məqam regionda sülhə qarşı yönələn xarici təsir cəhdləridir:
“Bəzi xarici qüvvələr regionda sülh prosesinə mane olmaq istəyirlər. Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyin artırılması revanşist ideyaların güclənməsinə səbəb ola bilər”.
Deputat bildirib ki, Ermənistana ayrılan maliyyə dəstəyi dolayısı ilə hərbi potensialın artırılmasına yönələ bilər:
“Ermənistana verilən milyonlarla dollar nəticə etibarilə onun silahlanmasına və hərbi imkanlarının genişlənməsinə şərait yaradır”.
Fariz İsmayılzadənin sözlərinə görə, bu proseslər regionda sabitliyə mənfi təsir göstərə və sülh danışıqlarını ləngidə bilər:
“Revanşist qüvvələrin güclənməsi sülh prosesinin yubadılmasına və ya ümumiyyətlə pozulmasına gətirib çıxara bilər”.
Deputat vurğulayıb ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və xarici müdaxilələrin qarşıdurma riskini artırdığına inanır.
Firuzə Əliyeva
Sfera.az