ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazının mühasirə vəziyyətində qalması Vaşinqton rəhbərliyi üçün heç bir ciddi narahatlıq və ya təhlükə doğurmur. Ağ Ev rəhbərinin bu kəskin çıxışı regionda hərbi-siyasi gərginliyin pik həddə çatdığı və qlobal enerji bazarında risk amillərinin sürətlə yüksəldiyi bir dövrdə beynəlxalq birliyin diqqətini cəlb edib.


 


Mövcud şəraitdə analitiklər üçün bir sıra maraqlı suallar yaranır: Görəsən, ABŞ Hörmüz boğazındakı bu blokada statusunu və güclü təzyiq strategiyasını daha nə qədər davam etdirmək iqtidarındadır? Bu gərgin prosesin zaman etibarilə uzanması fonunda hansı tərəf – ABŞ, yoxsa İran daha zəif və risklərə qarşı dözümsüz mövqedə qərarlaşıb?


 


Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli Sfera.az-a verdiyi xüsusi açıqlamasında bildirib ki, rəsmi Vaşinqtonun həyata keçirdiyi bu blokada strategiyası birbaşa İran limanlarına doğru istiqamət götürən və oradan çıxan ticari-hərbi gəmilərin hərəkətini məhdudlaşdırmağa yönəlib.


 


Ekspertin sözlərinə görə, Amerikanın atdığı bu sərt addım rəsmi Tehranın Hörmüz boğazından regional müstəvidə bir iqtisadi və siyasi şantaj, eləcə də təzyiq rıçaqı kimi istifadə etmək cəhdlərinə qarşı adekvat cavab reaksiyası xarakteri daşıyır:


 



 


“Vaşinqton bu strateji gedişlə Tehran rəhbərliyinin qlobal enerji daşımaları və neft marşrutları üzərindən formalaşdırmağa çalışdığı təsir imkanlarını minimuma endirmək niyyətindədir. Eyni zamanda, ABŞ dəniz hövzəsində öz hərbi gücünü və logistik potensialını daha da genişləndirir, bu blokada rejiminin uzunmüddətli və davamlı şəkildə icra olunmasını təmin etmək məqsədilə bölgəyə əlavə canlı qüvvə, resurslar və hərbi gəmilər cəlb edir”.


 


Politoloq həmçinin xüsusi olaraq vurğulayıb ki, hazırkı mərhələdə bu təzyiq siyasətinin nə vaxta qədər davam etdiriləcəyi ilə bağlı hər hansı bir rəsmi zaman çərçivəsi və ya vaxt limiti müəyyən olunmayıb. 


 


Onun sözlərinə görə, proses tərəflər arasında aparılan diplomatik danışıqlar konkret və real bir nəticə verənə qədər ardıcıl olaraq reallaşdırılacaq:


 


“ABŞ tərəfi diplomatik masada real irəliləyiş əldə olunana qədər bu güzəştsiz təzyiq kursunu davam etdirəcəyini qətiyyətlə bəyan edir. Təbii ki, bu qarşıdurma fonunda dünya enerji birjalarında kəskin qiymət dalğalanmaları və qeyri-sabitlik müşahidə olunur, beynəlxalq neft-qaz logistikası ilə bağlı narahatlıqlar artır. Digər tərəfdən, İranın enerji resurslarının hasilatı və xarici bazarlara ixrac imkanları da ağır zərbə alır ki, bu da İslam Respublikasının daxilində iqtisadi geriləmənin, eləcə də sosial böhran dalğasının daha da dərinləşməsinə birbaşa zəmin yaradır”.


 


Niyaz Hacıyev 

Sfera.az