Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində mühüm bir mərhələ geridə qalıb.
İki ölkə arasında birbaşa ticarətin bərpası üçün bütün bürokratik hazırlıqlar yekunlaşıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli rəsmi məlumat yayıb. Sözçü bildirib ki, 2022-ci ildən bəri davam edən normallaşma prosesi çərçivəsində atılan etimadyaratma tədbirləri öz bəhrəsini verir:
"Ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başladılmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixi etibarilə tamamlanmışdır".
Keçeli qeyd edib ki, yeni tənzimləməyə əsasən, Türkiyədən üçüncü ölkələr vasitəsilə Ermənistana gedən və ya eyni marşrutla gələn malların rəsmi sənədlərində son təyinat və çıxış nöqtəsi artıq birbaşa "Ermənistan/Türkiyə" olaraq qeyd edilə biləcək. XİN rəsmisi iki ölkə arasındakı quru sərhədlərinin açılması ilə bağlı məqama da toxunub. O, ortaq sərhədlərin fəaliyyətə başlaması istiqamətində texniki və bürokratik işlərin hazırda davam etdiyini vurğulayıb.
Açıqlamada regionda iqtisadi əməkdaşlığın önəmi xüsusi qeyd olunub:
"Cənubi Qafqazda daimi sülh və rifahın gücləndirilməsi istiqamətində yaxalanan tarixi fürsətin işığında, Türkiyə regionda iqtisadi münasibətlərin inkişafına və əməkdaşlığın bütün bölgə ölkələri ilə xalqlarının xeyrinə irəliləməsinə töhfə verməyə davam edəcək".
Bəsti Rəfizadə
Sfera.az