ABŞ və Çin nümayəndə heyətlərinin Çinə edəcəyi səfərdən əvvəl iqtisadiyyat və ticarət danışıqlarının yeni raundu üçün Cənubi Koreyada bir araya gələcəyi bildirilib.


 


Çin Ticarət Nazirliyi tərəfindən yayılan açıqlamada, iqtisadi əlaqələrə cavabdeh Baş nazirin müavini Hı Lifıngin rəhbərlik etdiyi Çin nümayəndə heyətinin 12-13 may tarixlərində Cənubi Koreyada ABŞ tərəfi ilə iqtisadiyyat və ticarətlə bağlı məsləhətləşmələr aparacağı qeyd olunub.


 


Vaşinqtonun son addımları ABŞ-nin İsraildən daha çox Çinlə əməkdaşlığa üstünlük verdiyi görüntüsü yaradır.


 


Donald Tramp administrasiyası İranla bağlı siyasətdə Çinin təsir imkanlarından faydalanmağa çalışa bilərmi?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə əsasən, keçiriləcək məsləhətləşmələr təkcə ikitərəfli ticarət məsələlərini deyil, həm də daha geniş strateji gündəmi əhatə edəcək:


 



“Ümumiyyətlə Trampın Pekinə səfərində ABŞ və Çin arasında danışıqların əsas istiqamətlərinin üç böyük blokda cəmləşəcəyini deyə bilərik. Bunlardan birincisi sözsüz ki, iqtisadi-ticari münasibətlər, disgərləri isə Yaxın Şərqdə, xüsusilə İran ətrafında formalaşan siyasi dinamika və təbii ki Tayvan məsələsidir. ABŞ və Çin arasında artıq illərdir davam edən texnologiya və ticarət rəqabəti bu görüşlərdə yenidən mərkəzi mövzu olacaq. Tramp Çinlə ABŞ arasında olan ticarət dövriyyəsində idxal və ixrac arasında balansın vacibliyini qeyd edir. Trampa görə indiyə qədər ABŞ-nin Çindən daha çox məhsul idxal etməsi və dolayısıyla daha çox maliyyə ödəməsi ədalətli yanaşma deyil. Xüsusilə çip istehsalı və yarımkeçirici sənayesi üzrə ABŞ-nin mövqeyinin sərtləşməsi, eləcədə ABŞ-nin kənd təsərrüfatı məhsullarının Çin bazarlarına çıxışında ortada olan maneələr danışıqların iqtisadi hissəsini daha da gərginləşdirir”.


 


Ekspertin fikrincə, İran məsələsi və ümumiyyətlə Yaxın Şərqdəki vəziyyət, Hörmüz istiqamətində gərginlik və ABŞ-nin dəniz blokadası məsələlərinin də Trampla Si Cinpin arasındakı görüşdə masaya qoyulacağı şübhə doğurmur:


 


“İrana təsir imkanları baxımından Çin Vaşinqton üçün alternativ diplomatik kanaldır və Tramp administrasiyasının Çinlə danışıqlarda İranla bağlı məsələlərdə Pekinin təsir imkanlarından istifadə etməyə çalışması tamamilə realdır. Bu, həm nüvə proqramı, həm də regional təhlükəsizlik baxımından ABŞ üçün əlavə diplomatik alət yarada bilər.


 


Ümumiyyətlə isə ABŞ və Çin arasında danışıqlar yalnız iqtisadi-ticarət balansının tənzimlənməsi deyil, həm də ABŞ-Çin-Yaxın Şərq və Asiya-Sakit okean üçbucağında yeni geosiyasi düzənin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ-nin eyni anda həm Çinlə iqtisadi rəqabəti davam etdirməsi, həm də bəzi sahələrdə əməkdaşlıq axtarışına çıxması rəqabət içində idarə olunan qarşılıqlı asılılıq modelinin davam etdiyini göstərir. Odur ki, bu danışıqların nəticəsi yalnız ticarət tarifləri və iqtisadi razılaşmalarla məhdudlaşmayacaq. İran və Tayvan kimi strateji məsələlər ABŞ-Çin münasibətlərinin gələcək trayektoriyasını müəyyən edən əsas faktorlar olaraq qalacaq və qlobal güc balansına birbaşa təsir göstərəcək”.


 


Bəsti Rəfizadə


Sfera.az