Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “MV Hondius” kruiz gəmisində qeydə alınan hantavirus yoluxmaları ilə bağlı yeni açıqlama yayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Təşkilatın yeni zoonotik xəstəliklər bölməsinin rəhbəri Diana Rojas Alvarez bildirib ki, sərnişinlərin təxliyəsindən sonra yeni yoluxma hallarının aşkarlanması gözlənilən idi. Ekspert gəmidə “PCR” testlərinin aparılmasının mümkün olmadığını deyib.
Onun sözlərinə görə, gəmidə laboratoriyanın olmaması və nümunələrin uyğun temperatur şəraitində daşınmasının çətinliyi səbəbindən yalnız epidemioloji və tibbi qiymətləndirmələrə etibar edilib. Diana Rojas Alvarez müsahibəsində qeyd edib ki, hantavirusun ilkin simptomları bəzən çox zəif müşahidə olunur:
“İlk mərhələdə simptomlar yüngül ola bilər. Buna görə şəxsin həqiqətən simptomsuz olub-olmadığını müəyyən etmək çətindir. Yaxın günlərdə yeni halların ortaya çıxacağını gözləyirdik. Bu, gözlənilməz deyildi”.
Məlumata görə, “MV Hondius” kruiz gəmisi mayın 10-da Kanar adalarındakı Tenerife limanına çatıb. Sərnişin və heyət üzvlərinin təxliyəsi mayın 11-də başa çatdırılıb. Daha sonra gəmi təxminən 30 heyət üzvü ilə birlikdə Hollandiyaya yola düşüb. Bundan əvvəl ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında bildirmişdi ki, indiyədək “MV Hondius” gəmisində 11 nəfərdə hantavirus aşkarlanıb.
Fidan Hacızadə
Sfera.az