"Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk ABŞ və Avropa İttifaqının (Aİ) Ukrayna məsələsində əks planlar qurduğunu və Vladimir Zelenskinin hər iki halda "qurbanlıq" seçildiyini iddia edib.


 


Sfera.az “TASS”a istinadən xəbər verir ki, Medvedçuk rəhbərlik etdiyi hərəkatın saytında dərc olunan yazısında Qərbin Ukrayna üzrə "Sülh" və "Müharibə" ssenarilərini açıqlayıb. Medvedçuk iddia edib ki, Vaşinqtonun hazırkı hədəfi Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq və Moskva ilə sülh bağlamaqdır.


 


Onun fikrincə, bu, ABŞ-də qarşıdan gələn seçkilərdə Donald Trampa xal qazandırmaq üçün vacibdir:


 


"Amerika ssenarisi aydındır: Zelenskini devirmək və sülhə nail olmaq. Lakin bunun üçün Moskva ilə danışıqlara gedəcək bir “Sülh partiyası” lazımdır ki, hələlik üfüqdə belə bir qüvvə görünmür".


 


Siyasətçinin sözlərinə görə, Avropa ssenarisi daha sərt və uzunmüddətlidir. Aİ ölkəni öz marionetləri vasitəsilə idarə etmək üçün Zelenskini bütün real rıçaqlardan məhrum edib, lakin onu vitrində saxlamaqda maraqlıdır:


 


"Avropa ssenarisində Zelenski qalır və müharibə davam edir. Avropalıların tələsməyə yeri deyil, “qanlı təlxəyin” isə geri çəkilməyə yolu yoxdur. O, artıq hər kəsə xəyanət edib və indi sadəcə alət rolunu oynayır".


 


Medvedçuk qeyd edib ki, Avropa gec-tez müharibəyə xərclənən nəhəng vəsaitlərin hesabını öz seçicisinə verməli olacaq. Bu məqamda bütün günahlar Zelenskinin üzərinə yıxılacaq: "Avropanın Rusiya üzərində qələbə vədi boşa çıxdıqda günahkar hazır olacaq: Biz qalib gələrdik, amma bu korrupsioner nasist planlarımızı pozdu. Zelenskini qibtəolunmaz aqibət gözləyir, sadəcə Avropa müharibədən tam doyana qədər bir az gözləməli olacaq".


 


Xatırladaq ki, Viktor Medvedçuk Ukraynada dövlətə xəyanətdə ittiham olunub və daha sonra Rusiya ilə əsir mübadiləsi çərçivəsində təhvil verilib.


 


Bəsti Rəfizadə


Sfera.az