Ermənistanda iyunun 7-nə təyin olunan parlament seçkiləri yaxınlaşdıqca, beynəlxalq birliyin diqqəti regional proseslərə yönəlib. Ekspertlər hesab edirlər ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə bu seçkilərdə yenidən qələbə qazanarsa, Azərbaycanla yekun sülh sazişinin imzalanma şansı əhəmiyyətli dərəcədə arta bilər. 




Bəs Paşinyanın uğuru fonunda sülh müqaviləsi ən tezi nə zaman reallaşar və 2026-cı ilin sonuna qədər bu tarixi sənədin imzalanması realdırmı?




Mövzu ilə bağlı öz fikirlərini Sfera.az-a bildirən Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, rəsmi İrəvanla yekun sülh sazişinin bağlanması prosesini birbaşa və yalnız Nikol Paşinyanın hakimiyyət sükanı arxasında qalıb-qalmaması amili ilə əlaqələndirmək tam doğru deyil.


 


Millət vəkilinin rəyinə görə, sülh danışıqlarının Ermənistanın daxili siyasi çəkişmələrinə alət edilməsinin fundamental səbəbi ölkədəki seçki mübarizəsinin iki radikal qütb və xarici mərkəzlərdən diqqətlə yönləndirilən saxta ideoloji baxışlar arasında getməsidir:


 


“Ermənistandakı hər iki əsas siyasi yanaşma birbaşa kənar dairələrdən idarə olunduğu üçün istənilən xarici müdaxilə nəticəsində asanlıqla məzmun dəyişdirə bilər. Yəni, bu gün hansı qruplaşmanın səsləndirməsindən asılı olmayaraq, Ermənistanın həm sülh bəyanatlarının, həm də revanşist hərbi ritorikasının qəfil dəyişmə ehtimalı həmişə mövcuddur”.


 



 


Elçin Mirzəbəyli xüsusi olaraq diqqətə çatdırıb ki, hazırkı mərhələdə sülh çağırışları və bəyanatları demək olar ki, yalnız Paşinyanın rəhbərlik etdiyi hakim komanda tərəfindən tirajlanır:


 


“Burada əsas hədəf sülhün Ermənistan cəmiyyətinə və daxili iqtisadiyyatına gətirəcəyi regional rifahı ön plana çəkmək, bu yolla da parlament seçkilərində lazımi səs faizini toplamaqdır. Azərbaycanın irəli sürdüyü qətiyyətli təşəbbüslərdən fərqli olaraq, sülh mövzusu İrəvanda sadəcə daxili siyasi rəqabət və manipulyasiya predmetidir. Bu baxımdan, Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi avtomatik olaraq sülh sənədinin dərhal imzalanacağı mənasına gəlmir”.


 


Buna baxmayaraq, deputat regionda davamlı sülhün əsas memarının və təminatçısının məhz Azərbaycan dövləti olduğunu qətiyyətlə vurğulayıb. Eyni zamanda, millət vəkili müəyyən hüquqi prosedurlar yerinə yetiriləcəyi təqdirdə seçkilərdən sonra sülh sazişinin bağlanmasının nəzəri baxımdan tamamilə mümkün olduğunu diqqətə çatdırıb:


 


“Ermənistanın mövcud qanunvericilik bazasına əsasən, ölkədə keçirilən ümummilli seçkilər ilə referendumlar arasında mütləq şəkildə ən azı 6 aylıq qanuni fasilə olmalıdır. Əgər parlament seçkiləri iyunun 7-də baş tutarsa, rəsmi İrəvan yalnız noyabrın 7-dən sonra ölkədə konstitusiya referendumu elan edə bilər. Bu referendum vasitəsilə isə Ermənistan öz əsas qanunundan müstəqillik bəyannaməsinə istinadən yer alan və Azərbaycana qarşı yönələn ərazi iddialarını tamamilə çıxarmalıdır. Məhz bu hüquqi ardıcıllığı nəzərə alsaq, nəzəri müstəvidə noyabr-dekabr aylarında iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması tamamilə realdır”.


 


Firuzə Əliyeva

Sfera.az