Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın ölümü ilə bağlı açılan məhkəmə işində sensasion detallar üzə çıxıb.
Argentinalı ulduzun ölümündə ittiham olunan tibbi heyət hakim qarşısına çıxarılıb. İstintaqın gedişində dindirilən həkimlər Maradonanın son günləri ilə bağlı diqqətçəkən iddialar irəli sürüblər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Paytaxt Buenos-Ayresin San İsidro Cəza Məhkəməsində keçirilən iclasda şahid qismində ifadə verən kardioloq Oskar Franko bildirib ki, 2020-ci ilin sentyabr ayında aparılan müayinə zamanı Maradona "Losartan" adlı yüksək təzyiq dərmanından istifadə edib. Lakin daxili xəstəliklər mütəxəssisi Markos Korreanın sözlərinə görə, ölümdən cəmi 23 gün əvvəl, yəni 2 noyabrda aparılan yoxlamada əfsanəvi futbolçunun qəbul etdiyi dərmanlar siyahısında həmin preparat artıq olmayıb.
Mütəxəssislər vurğulayıb ki, təzyiq dərmanlarının qəfil kəsilməsi damar sistemində və ürək əzələsində ciddi pozulmalara yol açaraq ürək çatışmazlığı riskini kəskin artırıb. Prokurorluq orqanları Maradonanın ölümünün qarşısının alına biləcəyini müdafiə edib. İttihamnamədə qeyd olunub ki, ev şəraitində tətbiq edilən müalicə tamamilə qeyri-kafi olub. Mütəmadi tibbi nəzarət həyata keçirilməyib və sağlamlıq vəziyyətindəki pisləşmələr tibbi heyət tərəfindən görməzdən gəlinib.
Prokurorlar futbol əfsanəsinin "öz taleyinə tərk edildiyini" bildirərək, aralarında neyrocərrah Leopold Luke və psixiatr Aqustina Kosaçovun da olduğu 7 tibb işçisini məsuliyyətsizlikdə ittiham edib.
Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə xroniki ürək çatışmazlığına bağlı kəskin ağciyər ödəmi səbəbindən vəfat edib. Hazırda davam edən məhkəmə prosesində ölüm prosesindəki tibbi səhlənkarlıq iddiaları əsas müzakirə mövzusudur.
Bəsti Rəfizadə
Sfera.az