ABŞ Prezidenti Donald Trump mayın 13-dən 15-dək Çinə səfər edəcək. Ağ Ev onun səfər zamanı korporativ liderlərdən ibarət geniş nümayəndə heyəti ilə müşayiət olunacağını açıqlayıb.




Maraqlıdır, Donald Trampın Çinə səfəri Vaşinqton və Pekin arasında gərginliyin azaldılması istiqamətində mühüm addım hesab oluna bilərmi? Danışıqlar daha çox ABŞ-ın siyasi və iqtisadi maraqlarına uyğun ssenari üzrə aparılacaqmı?




Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın 13-15 may tarixlərində Çinə səfəri Vaşinqton-Pekin münasibətlərində artan geosiyasi və iqtisadi rəqabət fonunda mühüm diplomatik addım kimi qiymətləndirilə bilər.


 


Onun sözlərinə görə, səfərdə ABŞ-nin iri korporativ liderlərindən ibarət nümayəndə heyətinin iştirakı göstərir ki, rəsmi Vaşinqton Çinlə münasibətlərdə iqtisadi maraqları prioritet hesab edir:


 





“Həmçinin bu addım ticarət, texnologiya və investisiya sahələrində artan qarşılıqlı asılılığın hələ də qorunduğunu göstərən mühüm mesajdır. Digər tərəfdən isə mövcud mərhələdə ABŞ və Çin arasında tam yaxınlaşmadan danışmaq bir qədər çətindir. Çünki tərəflər arasında əsas ziddiyyətlər, xüsusilə ticarət balansı, texnoloji rəqabət, Tayvan məsələsi və regional təsir uğrunda mübarizə davam edir. Ona görə də, Trampın səfəri daha çox münasibətlərdə nəzarətli sabitliyin qorunmasına və gərginliyin idarə olunmasına hesablanmış siyasi təşəbbüs kimi qiymətləndirilə bilər”.




Politoloq qeyd edib ki, bu nöqteyi-nəzərdən yanaşdıqda, rəsmi Vaşinqtonun əsas məqsədi Çin üzərində iqtisadi və texnoloji təzyiq mexanizmlərini qorumaqla yanaşı, qlobal bazarlarda mümkün riskləri minimuma endirməkdir:




“ABŞ xüsusilə Pekindən ticarət və sənaye siyasəti ilə bağlı daha əlverişli şərtlər əldə etməyə çalışacaq. Lakin Çin artıq əvvəlki dövrlərlə müqayisədə daha güclü və öz maraqlarını daha sərt müdafiə edən qlobal aktordur. Nəticə etibarilə, danışıqların tam şəkildə ABŞ ssenarisi üzrə aparılması real görünmür”.




Niyaz Hacıyev 

Sfera.az