İrlandiyanın Avropa işləri və müdafiə məsələləri üzrə dövlət naziri Tomas Birn bəyan edib ki, əgər Avropa İttifaqı Ukraynadakı münaqişənin birdəfəlik həllinə real töhfə vermək niyyətindədirsə, mütləq şəkildə Rusiya rəhbərliyi ilə birbaşa diplomatik dialoqa başlamalıdır. Bu bəyanat fonunda beynəlxalq analitiklər üçün maraqlı suallar yaranır: Hazırkı geosiyasi reallıqlar şəraitində Rusiya münaqişənin tamamilə dayandırılmasına və daimi atəşkəs rejiminin bərqərar olunmasına nə dərəcədə hazırdır?
Məsələ ilə bağlı Sfera.az saytına açıqlama verən politoloq Tural İrfan bildirib ki, cəbhədəki hərbi-strateji gedişat faktiki olaraq Rusiyanın müvafiq razılaşmalara meylli olduğunu nümayiş etdirir:
“Ukrayna ordusunun uzaqmənzilli və yüksək dağıdıcı qüvvəyə malik müasir silahlar əldə etməsi, həmçinin Rusiya ərazilərinin daxilinə kəsərli zərbələr endirməsi Moskvada hərbi-siyasi psixologiyaya ciddi təsir göstərdi. Hətta bu gərginlik səbəbindən Moskvada ənənəvi 9 May Qələbə paradı və tədbirləri təhlükəsizlik mülahizələrinə görə olduqca məhdud bir çərçivədə qeyd olundu. Digər tərəfdən, daxili iqtisadiyyatda yaranan gərgin vəziyyət Rusiyanı Ukrayna ilə kompromisli danışıqlara getməyə vadar edən ən mühüm zərurətlərdən biridir. ABŞ və Avropanın fərqli mexanizmlərlə də olsa, Ukraynaya fasiləsiz siyasi, hərbi və maliyyə yardımları ötürməsi Kremlin vəziyyətini kifayət qədər mürəkkəb saxlayır. Eyni zamanda, Rusiyanın əsas hərbi-siyasi müttəfiqlərindən olan İranın Yaxın Şərqdə genişmiqyaslı müharibə alovunda hədəfə çevrilməsi Moskvanın bu regiondakı strateji mövqelərini də xeyli zəiflədir. Bir sözlə, Ukrayna müharibəsi Rusiyanı həm siyasi, həm də strateji yöndən qlobal səviyyədə xeyli geri salmaqdadır”.
Politoloqun qənaətinə görə, tərəflər arasında real atəşkəs şərtləri dərindən müzakirə olunmalı və yekun bir qərar qəbul edilməlidir:
“Təəssüf ki, hələlik bu yöndə qəti addımlar atılmayıb. Tərəflərin daimi atəşkəsə hazır olduğunu nümayiş etdirməsi üçün ilk növbədə masada şəffaf və açıq mövqe ortaya qoyulmalıdır. İndiyə qədər bir neçə dəfə aldadıcı hərbi manevrlər və diplomatik gedişlər edildiyi üçün hazırda tərəflər arasında qarşılıqlı etimad mühiti tamamilə zəifləyib. Lakin hər bir halda, ABŞ və Avropanın Rusiya üzərindəki sistemli təzyiqləri, eləcə də Ukraynanın döyüş meydanında geri çəkilməmək əzmi yaxın gələcəkdə Moskvanı daimi atəşkəs sazişinə imza atmağa məcbur edə bilər”.
Niyaz Hacıyev
Sfera.az