ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibəyə son qoymaq və Tehranın Hörmüz boğazı üzərindəki nəzarətini zəiflətmək məsələsində Çinin köməyinə ümid etmədiyini bəyan edib.


 


Sfera.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri çinli həmkarı Si Cinpinlə keçiriləcək yüksək səviyyəli sammitdə iştirak etmək üçün Pekinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.


 


Vaşinqtondan ayrılarkən münaqişənin həllində Çinin rolunu kiçildən Tramp, dünya neft tədarükünün beşdə birinin keçdiyi strateji su yolunun blokadadan çıxarılması üçün kənar dəstəyə ehtiyac duymadıqlarını vurğulayıb:


 


"İran məsələsində hər hansı bir köməyə ehtiyacımız olduğunu düşünmürəm. Biz bu müharibədə istənilən halda istər dinc yolla, istərsə də digər vasitələrlə qalib gələcəyik".


 


Qeyd edək ki, tərəflər arasında əldə olunmuş kövrək atəşkəsdən bir ay keçməsinə baxmayaraq, tərəflərin tələbləri arasında kəskin fərqlər qalmaqdadır.


 


Vaşinqton Tehranın nüvə proqramını dayandırmasını və boğazdakı blokadanı qaldırmasını tələb edir. İran isə öz növbəsində müharibə vurduğu ziyanın ödənilməsini, ABŞ-nin iqtisadi blokadasına son qoyulmasını və Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dayandırılmasını şərt qoyub. Tramp isə bu tələbləri "cəfəngiyyat" adlandıraraq rədd edib.


 


Bəsti Rəfizadə


Sfera.az