ABŞ ilə İran arasında münasibətlərdə gərginlik yenidən artır. Tərəflər arasında mümkün razılaşmalar üçün irəli sürülən planların nəticəsiz qalması regionda yeni hərbi qarşıdurma ehtimalını gündəmə gətirib. Xüsusilə İranın nüvə proqramı, Hörmüz boğazı ilə bağlı gərginlik və İsrailin sərt mövqeyi müzakirələri daha da gücləndirir.


 


Maraqlıdır, indiki şəraitdə ABŞ və İsrailin İranla yenidən müharibəyə başlaması nə dərəcədə real görünür?




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Əli Mustafa bildirib ki, hazırkı vəziyyətdə savaş ehtimalını tam istisna etmək mümkün deyil:


 





“Bəli, yenidən savaşın başlama ehtimalı kifayət qədər böyükdür. Amma bu savaşın da ABŞ-nin istədiyi nəticələri tam təmin edəcəyinə zəmanət yoxdur. Hazırda müharibəyə başlamaq Donald Trampın siyasi maraqlarına çox da uyğun görünmür. Xüsusilə qarşıdan gələn seçkilər fonunda bu, Amerika üçün riskli və zərərli prosesə çevrilə bilər.

İsrail üçün isə vəziyyət fərqlidir. Netanyahu hökuməti təhlükəsizlik və savaş ritorikası üzərindən siyasi mövqeyini qorumağa çalışır. Hətta payızda keçiriləcək seçkilərə qədər bu siyasətin davam etdirilməsi ehtimalı yüksəkdir.

İran daxilində də savaş istəyən və istəməyən qüvvələr var. Amma görünən odur ki, daha sərt mövqedə olan qruplar hazırda daha təsirlidir. Donald Trampın “şahinlər” adlandırdığı bu çevrələr xüsusilə SEPAH-la əlaqələndirilir. Bu gün İran İnqilab Keşikçiləri Korpusu generalları ölkə idarəçiliyində ciddi təsir imkanlarına malikdirlər və mövcud vəziyyətin davam etməsində maraqlı görünürlər”.




Ekspertin sözlərinə görə, tərəflər arasında kompromis imkanları olsa da, hələlik nə Vaşinqton, nə də Tehran geri addım atmağa hazır görünür:




“ABŞ xüsusilə Hörmüz boğazı və zənginləşdirilmiş uran məsələsində sərt şərtlər irəli sürür. İran isə artıq bu məsələlərdə kompromis niyyəti nümayiş etdirmir. Hətta Trampın özü də bildirib ki, Tehran bir gün razılaşdığı məsələdən bir neçə gün sonra imtina edir.

Görünür, İran daxilindəki siyasi münasibətlər də hazırda sülhə uyğun deyil. Ona görə də ümumi mənzərəyə baxdıqda savaş riski kifayət qədər yüksək görünür. Sadəcə, son qərarı verəcək əsas fiqur Tramp olacaq. Hazırda isə o, böyük ehtimalla vəziyyəti analiz edir və tam qərar verməyə tələsmir”.




Firuzə Əliyeva

Sfera.az