Fransa Prezidenti Emmanuel Makron BMT-də Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təşəbbüs irəli sürəcəklərini açıqlayıb.
Fransa lideri bildirib ki, Hörmüz boğazının qeyd-şərtsiz və maneəsiz açılması əsas prioritetdir:
“Bütün blokadalar aradan qaldırılmalı və İranla prinsipial dialoq aparılmalıdır. Bir neçə ölkə ilə birlikdə BMT-də tam neytral və sülhyönlü çərçivə yaradılması təşəbbüsü ilə çıxış etməyi təklif etmişik”.
Fransanın Hörmüz boğazı ilə bağlı BMT təşəbbüsü bölgədə gərginliyin azalmasına və beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə necə təsir göstərə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi Fransa prezidenti Emmanuel Makronun BMT platformasında Hörmüz boğazında qeyd-şərtsiz və heç bir maneə olmadan keçidin açılması, blokadaların aradan qaldırılması və İranla prinsipial dialoq təşəbbüsünün, beynəlxalq diplomatiyada mühüm dönüş cəhdi kimi qiymətləndirildiyini bildirib.
Onun sözlərinə görə, Makronun bu istiqamətdə irəli sürdüyü təkliflərə nəzər salsaq, görərik ki, burada əsas məqsəd üç istiqamətdə cəmlənib:
“Regional gərginliyin azaldılması, enerji təhlükəsizliyi və fərqli olaraq Avropa xəttinin formalaşdırılmasıdır. Hörmüz boğazı qlobal enerji daşımalarının ən strateji nöqtələrindən biridir və dünyada daşınan neftin təxminən beşdə biri bu marşrut vasitəsilə həyata keçirilir. Buna görə də bu coğrafiyada yaranan hərbi-siyasi böhran dərhal neftin qiymətinin kəskin şəkildə bahalaşmasına səbəb olur. Həmçinin bu vəziyyət sığorta bazarına və dünya ticarətinə də ciddi təsir göstərir. Makronun təşəbbüsünün əsas məqsədi məhz bu qlobal iqtisadi riskləri aradan qaldırmaqdır. Bu səbəbdən Fransa və Böyük Britaniya son aylarda “neytral və müdafiəyönlü beynəlxalq missiya” ideyasını israrla irəli sürürlər. Parisdə keçirilən beynəlxalq sammitdə bu iki ölkə onlarla dövlətlə birlikdə Hörmüzdə təhlükəsiz gəmiçiliyin təmin olunması istiqamətində siyasi səylər göstərib. Eyni zamanda, bu coğrafiyada hərbi eskalasiyanın dərinləşməsinə səbəb ola biləcək bütün davranışları pisləyiblər”.
Ekspert əlavə edib ki, bu baxımdan Makronun addımını müharibə tərəflərindən birinə dəstək kimi qiymətləndirmək olmaz:
“Bu missiya sırf dünya iqtisadiyyatını ehtimal olunan böhrandan və digər ağır fəsadlardan qorumaq məqsədi daşıyır. Həmçinin Fransanın bu təklifi, ABŞ-dən fərqli olaraq, baş verənlərə Avropanın ayrıca mövqe nümayiş etdirmək cəhdi kimi də qiymətləndirilə bilər. Makron ABŞ-nin İranla bağlı sərt mövqe nümayiş etdirməsinin əvəzinə, paralel diplomatik dialoqu vacib hesab edir. O, həm ABŞ, həm də İran tərəfindən koordinasiyalı açılış modelini irəli sürür. Bu baxımdan Makronun təşəbbüsü regional gərginliyin qismən azalmasına səbəb ola bilər. Əgər İran beynəlxalq missiyanı neytral platforma kimi qəbul etsə, boğazda hərbi toqquşma riski də azala bilər. Bu isə neft bazarında qiymətlərin sabitləşməsinə, Hörmüzdə normal gəmiçiliyin bərpasına və qlobal ticarət marşrutlarında təhlükəsizliyin təmin olunmasına səbəb ola bilər. Bundan əlavə, neft bazarlarında yaranan süni və təbii panikaların aradan qalxmasına, həmçinin sığorta qiymətlərinin aşağı düşməsinə də ciddi təsir göstərə bilər. Burada Avropanın geosiyasi rolunun artması məsələsi də xüsusi önəm daşıyır.
Yaxın Şərq böhranlarında artıq yalnız ABŞ deyil, Brüssel-Paris-London xətti də ayrıca diplomatik platforma kimi qəbul etdirilməyə çalışılır. Makronun İranla prinsipial dialoq təşəbbüsü də təsadüfi hesab edilməməlidir. Bu addım nüvə danışıqlarının və regional təhlükəsizlik mexanizmlərinin yenidən gündəmə gəlməsi üçün vacib hesab oluna bilər. Çünki ABŞ və İran arasında aparılan danışıqlarda uzun müddətdir qeyri-müəyyənlik hökm sürür və bunun əsas səbəblərindən biri qarşılıqlı etimadsızlıqdır. Bu baxımdan təşəbbüsü ələ almağa çalışan Paris tam neytral vasitəçi rolunu oynamağa çalışsa da, güc balansı baxımından buna nail olması asan görünmür. Əgər Parisin bu diplomatik cəhdləri beynəlxalq dəstək qazanarsa, hesab edirəm ki, bu, həm Yaxın Şərqdə gərginliyin azalmasına, həm də qlobal enerji və ticarət marşrutlarının sabitləşməsinə ciddi dönüş imkanı yarada bilər”.
Fidan Hacızadə
Sfera.az