bp Özbəkistanın Şimali Üstyurd regionunda yerləşən altı blok üzrə Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) qoşulub.
Sfera.az xəbər verir ki, şirkət Boyterak, Terengquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edən layihədə iştirak edəcək.
Sazişlər Daşkənddə keçirilən “Özbəkistan neft-qaz konfransı 2026” çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, SOCAR prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.
Tərəflər layihənin Özbəkistanın enerji sektoruna xarici investisiyaların cəlb olunması və regionun enerji potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, bp-nin layihəyə qoşulması həm də şirkətin geoloji kəşfiyyat portfelinin genişləndirilməsi strategiyasının tərkib hissəsidir.
Məlumata görə, bp mövcud tərəfdaşlar olan SOCAR və “Uzbekneftegaz”dan hər birinin 20 faizlik payını alaraq layihəyə ümumilikdə 40 faiz payla daxil olub. Bununla da layihədə iştirak bölgüsü belə formalaşıb: bp – 40 faiz, “Uzbekneftegaz” – 30 faiz, SOCAR isə operator olmaqla 30 faiz.
Qeyd edək ki, HPBS ilkin olaraq 2025-ci ilin iyulunda SOCAR, “Uzbekneftegaz” və Özbəkistanın Energetika Nazirliyi arasında imzalanmışdı. Hazırda layihə çərçivəsində ilkin seysmik tədqiqat işləri aparılır.
Firuzə Əliyeva
Sfera.az