Nüfuzlu “Time Out” jurnalı 24 mindən çox insanın fikrinə və beynəlxalq ekspertin rəyinə əsasən tərtib edilən dünya mədəniyyət şəhərlərinin reytinqini elan edib. Siyahıya Böyük Britaniyanın paytaxtı London başçılıq edir. 




Sfera.az xəbər verir ki, London çoxəsrlik tarixi irsi ilə müasir mədəni dinamikanı birləşdirərək Paris və Nyu-Yorku geridə qoyub.


 


Şəhərdə onlarla dünya səviyyəli muzey və qalereyanın pulsuz fəaliyyət göstərməsi, tarixi Vest End səhnəsi və musiqi festivalları Londonu birinciliyə daşıyıb.




Siyahıda ikinci yerdə qərarlaşan Paris özünün qədim muzeyləri, qalereyaları və qlobal moda sənayesi ilə fərqlənir. Sorğuda iştirak edən Paris sakinlərinin 100%-i öz şəhərlərinin mədəni mühitinə müsbət qiymət verib. Üçüncü pillədə yerləşən Nyu-York isə Metropolitan, MoMA muzeyləri, Brodvey şouları və küçə sənəti ilə bədii təcrübələrin qlobal mərkəzi kimi çıxış edir. Reytinqin ilk beşliyini eksperimental mədəniyyəti ilə seçilən Berlin və müstəqil sənət platformalarına malik Keyptaun tamamlayır.




Siyahıda həmçinin Melburn, San Paulo, Madrid, Florensiya, Krakov, Taybey, Qahirə, Pekin və Lissabon kimi fərqli coğrafiyaların şəhərləri yer alıb. Ekspertlər şəhərləri qiymətləndirərkən məkanların maddi cəhətdən əlçatanlığını, tədbirlərin kütləviliyini və yerli əhalinin proseslərə cəlb olunmasını əsas götürüblər. Səyahət redaktoru Qreys Bird bildirir ki, müasir şəhərlər dünya səviyyəli incəsənəti insanların bir addımlığında təqdim edir. Nəticələr göstərir ki, ənənəvi Qərb mərkəzləri ilə yanaşı, Afrika, Asiya və Latın Amerikası şəhərləri də qlobal mədəniyyət coğrafiyasını aktiv şəkildə formalaşdırır.




Firuzə Əliyeva

Sfera.az