Futbol təkcə idman deyil, milyonlarla insan üçün emosional bağlılıq, rəqabət və bəzən də psixoloji gərginlik mənbəyidir.
Xüsusilə böyük qarşıdurmalar zamanı azarkeşlərdə həyəcan, aqressiya, stress və yüksək emosional reaksiyalar daha çox müşahidə olunur. Bəzi kişilər sevimli komandasının məğlubiyyətini şəxsi uğursuzluq kimi qəbul edir.
Maraqlıdır, ifrat azarkeşlik stress yaşada, psixoloji problemlərə yol aça bilərmi? Bir sözlə, bu qədər stress, həyacan və qarışıq duyğuların eyni anda yaşanması insan səhhətinə necə təsir edir?
Məsələ ilə bağlı psixoloq Nizami Orucov Sfera.az-a açıqlama verib. Mütəxəssis, futbol izləyərkən azarkeşlərin keçirdiyi hisslərin psixologiyaya təsirlərini izah edib:
“Futbol xüsusilə derbi oyunları zamanı insanlarda çox güclü emosional reaksiya yarada bilir. Çünki azarkeşlik təkcə oyuna maraq deyil, çox vaxt kimlik, aidiyyət və emosional bağlılıq hissi ilə əlaqəlidir. İnsan komandaya sadəcə “baxmır”, özünü onun bir parçası kimi hiss edir. Bu səbəbdən məğlubiyyət, hakim qərarı və ya gərgin oyun anları beyində real təhlükə və stress reaksiyası yarada bilir. Aşırı azarkeşlik uzun müddətdə psixoloji və fiziki sağlamlığa təsir göstərə bilir. Oyun zamanı adrenalin və kortizol kimi stress hormonları artır, ürək döyüntüsü sürətlənir, təzyiq yüksəlir. Xüsusilə ürək-damar problemi olan insanlarda bu gərginlik risk yarada bilər”.
N.Orucov dünyada böyük oyunlardan sonra infarkt və panik atak hallarının artdığını qeyd edib:
“Psixoloji baxımdan insan emosional balansını tam şəkildə oyunun nəticəsinə bağladıqda problem başlayır. Məğlubiyyətdən sonra uzun müddət aqressiya, əsəbilik, əhval düşkünlüyü və hətta gündəlik münasibətlərdə gərginlik yarana bilər. Bəzi insanlar üçün futbol stress boşaltma vasitəsi olsa da, digərlərində bu, emosional asılılığa çevrilir. Xüsusilə sosial mediada fanatlıq daha sərt və aqressiv formasında yaşanır. Qarşı tərəfə nifrət, təhqir və düşmən obrazı yaratmaq emosional gərginliyi daha da artırır. Bu da empatiyanın azalmasına və aqressiv davranışların normallaşmasına səbəb olur. Amma burada əsas məsələ balansdır. Futbola maraq göstərmək, emosional həyəcan yaşamaq normaldır və hətta bəzi insanlar üçün sosial bağlılıq hissini gücləndirir. Problem o zaman yaranır ki, insanın psixoloji vəziyyəti tamamilə oyunun nəticəsindən asılı hala gəlir və gündəlik həyat keyfiyyətinə təsir edir. Yekun olaraq desək, aşırı azarkeşlik davamlı stress, aqressiya, emosional gərginlik və bəzi hallarda fiziki sağlamlıq problemlərinə yol aça bilər. Sağlam yanaşma isə futbolu həyatın mərkəzinə yox, bir hissəsinə çevirməkdir”.
Bəsti Rəfizadə
Sfera.az