Qəhvənin insan orqanizminə faydaları ilə bağlı yeni araşdırma aparılıb.
Sfera.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, qəhvə yalnız enerji vermir, eyni zamanda bağırsaq mikrobiotasına və beyin fəaliyyətinə də müsbət təsir göstərə bilər.
Araşdırma İrlandiyanın “University College Cork” universitetinin alimləri tərəfindən həyata keçirilib. Tədqiqatın nəticələri nüfuzlu "Nature Communications" jurnalında dərc olunub. Araşdırmada 62 nəfər iştirak edib. Tədqiqat zamanı müntəzəm qəhvə içən şəxslər iki həftə ərzində qəhvə qəbulundan imtina ediblər. Bu müddətdə onların bağırsaq bakteriyalarında müəyyən dəyişikliklər müşahidə olunub. Daha sonra iştirakçılar yenidən qəhvə qəbul etməyə başladıqda stress, depressiya və impulsiv davranış səviyyələrinin azaldığı qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, qəhvənin müsbət təsiri yalnız tərkibindəki kafeinlə əlaqəli deyil. Qəhvədə olan polifenolların iltihabı azaltdığı, hüceyrələri qoruduğu və beyin funksiyalarını dəstəklədiyi bildirilir. Araşdırmada qeyd olunur ki, kafeinsiz qəhvə yaddaş və öyrənmə qabiliyyətinə, kafeinli qəhvə isə diqqət və oyaqlıq səviyyəsinə müsbət təsir göstərə bilər. Tədqiqat rəhbərlərindən biri John Cryan bildirib ki, ölçülü şəkildə qəbul edilən qəhvə sağlam qidalanmanın vacib hissəsinə çevrilə bilər. Bununla belə, o vurğulayıb ki, qəhvə istehlakı hər bir insanın sağlamlıq vəziyyəti və orqanizmin xüsusiyyətlərinə uyğun şəkildə tənzimlənməlidir.
Mütəxəssislər həmçinin bildirirlər ki, qəhvənin həddindən artıq qəbulu bəzi insanlarda yuxusuzluq, ürəkdöyünmə və narahatlıq hissi yarada bilər. Bu səbəbdən gündəlik qəhvə istehlakında balansın qorunması vacib hesab olunur.
Niyaz Hacıyev
Sfera.az