Səhər yeməklərinin əvəzolunmazı olan yumurtanın beyin sağlamlığı üçün möcüzəvi təsiri üzə üzə çıxıb.
ABŞ-də aparılan genişmiqyaslı araşdırma göstərib ki, müntəzəm olaraq yumurta istehlak etmək Alzheimer riskini ciddi şəkildə azaldır.
Sfera.az xəbər verir ki, mütəxəssislər yumurtanın tərkibindəki protein, D vitamini və xüsusilə kolin maddəsinin beyin funksiyaları üçün həyati əhəmiyyət kəsb etdiyini bildiriblər. ABŞ-nin Loma Linda Universitetinin tədqiqatçıları tərəfindən həyata keçirilən araşdırmada təxminən 40 min yetkin şəxsin uzun illər boyu qidalanma vərdişləri və sağlamlıq məlumatları təhlil edilib.
"Adventist Health Study-2" adlı böyük bir layihə çərçivəsində aparılan müşahidələr zamanı 2858 iştirakçıya Alzheimer diaqnozu qoyulub. Araşdırmanın nəticələrinə görə, yumurta istehlakı ilə xəstəlik riski arasında tərs mütənasiblik var. Ən diqqətçəkən məqam isə həftədə 5 və ya daha çox yumurta yeyən qrupla bağlıdır. Heç yumurta yeməyənlərlə müqayisədə, müntəzəm istehlak edənlərdə Alzheimer riski 27 faiz daha aşağı qeydə alınıb. Az və ya nadir hallarda yumurta yeyənlərdə isə riskin daha yüksək olduğu müşahidə edilib.
Lakin alimlər bir məqamı xüsusi vurğulayıblar. Belə ki, bu araşdırma yumurtanın birbaşa xəstəliyin qarşısını aldığını sübut etmir. Əldə olunan nəticələr sadəcə yumurta istehlakı ilə riskin azalması arasındakı güclü əlaqəni göstərib. Yəni, yumurta beyin sağlığını dəstəkləyən vacib faktorlardan biri olsa da, ümumi həyat tərzi və digər qidalanma vərdişləri də nəticəyə təsir edən amillər sırasındadır.
Xatırladaq ki, yumurta beyin hüceyrələrinin rabitəsini təmin edən və yaddaşı gücləndirən kolin maddəsi ilə ən zəngin qidadır.
Bəsti Rəfizadə
Sfera.az