“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümündə “Sinsinnati”yə qarşı keçirilən səfər oyununda fərqlənib.
Sfera.az xəbər verir ki, qarşılaşma “İnter Mayami”nin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda oyun ərzində iki dəfə hesabda geri düşsə də, qalıb gəlməyi bacarıb.
Matçda Lionel Messi əvvəlcə het-trik etsə də, daha sonra liqa onun qollarından birini “Sinsinnati”nin qapıçısı Roman Çelentanonun avtoqolu kimi qeydə alıb. Beləliklə, argentinalı futbolçunun hesabına iki qol yazılıb. Messi 24 və 55-ci dəqiqələrdə fərqlənib. Digər qolları Mateo Silvetti 79-cu, German Berterame isə 84-cü dəqiqədə vurub.
“Sinsinnati”nin heyətində isə Kevin Denki 41-ci dəqiqədə penaltidən, Pavel Buxa 49-cu, Evander isə 64-cü dəqiqədə qol müəllifi olub. Lionel Messi cari MLS mövsümündə keçirdiyi 12 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 13 oyundan sonra 25 xalla ikinci pillədə qərarlaşıb. “Sinsinnati” isə 16 xalla səkkizinci yerdədir. Komanda növbəti oyununu mayın 18-də evdə “Portland”a qarşı keçirəcək. “Sinsinnati” isə bundan bir gün əvvəl səfərdə “San Dieqo” ilə üz-üzə gələcək.
Niyaz Hacıyev
Sfera.az