ABŞ və Çin arasında uzun müddətdir davam edən iqtisadi və siyasi gərginlik fonunda bu gün iki supergücün liderlərinin görüşü beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasındakı münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar qlobal iqtisadiyyat və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.




Sfera.az xəbər verir ki, dünya iqtisadiyyatında əsas rəqabət artıq uzun illərdir ABŞ və Çin arasında davam edir. Hazırda ABŞ nominal ÜDM-ə görə dünyanın ən böyük iqtisadiyyatı hesab olunur.


 


Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına əsasən, 2025-ci ildə ABŞ iqtisadiyyatının həcmi təxminən 30,6 trilyon dollar qiymətləndirilir. Çin iqtisadiyyatı isə 19,4 trilyon dollar səviyyəsindədir.




Bununla yanaşı, “Satınalma Gücü Pariteti” (PPP) üzrə hesablamalarda Çin artıq ABŞ-ni geridə qoyub. 2025-ci ilin məlumatına əsasən PPP üzrə hesabladıqda Çində ÜDM istehsalı 42 trilyon dollar, ABŞ-də 31 trilyon dollar təşkil edir. 




Ekspertlər bildirirlər ki, Çində istehsal və əmək xərclərinin aşağı olması ölkənin real istehsal gücünü artırır. 




Çin hazırda dünyanın ən böyük mal ixracatçısı hesab olunur. Elektronika, sənaye məhsulları, günəş panelləri və batareya istehsalında Pekin qlobal bazarda dominant mövqeyə malikdir. ABŞ isə texnologiya, maliyyə və yüksək əlavə dəyərli məhsullar sahəsində üstünlüyünü qoruyur.




2025-ci ildə ən çox mal ixrac edən ölkə Çin olub. Çinin ixracı 3,7 trilyon dollar səviyyəsinə çatıb. ABŞ-nin ixracı isə 2,2 trilyon dollar olmaqla Çindən xeyli geri qalıb. 




Amma mal və xidmətlərin cəmini hesabladıqda hər iki ölkənin ixrac göstəricilərində ciddi fərq yoxdur. Çin 3,9 trilyon dollarlıq, ABŞ isə 3,23 trilyon dollarlıq ixrac həyata keçirib.


  

Vaşinqton və Pekin arasında ticarət münasibətləri son illərdə daha da gərginləşib. ABŞ Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq edir, Çin isə buna qarşı cavab tədbirləri görür. Xüsusilə mikroçiplər, süni intellekt və yüksək texnologiyalar sahəsində rəqabət artıq iqtisadi mübarizədən texnoloji savaşa çevrilib.




Hərbi sahədə də ABŞ üstün mövqedə qalır. “SIPRI” məlumatına görə, ABŞ-nin 2025-ci il üzrə hərbi büdcəsi təxminən 954 milyard dollar olub. Çinin hərbi xərcləri isə 300 milyard dolları ötüb. ABŞ qlobal hərbi bazalar, NATO dəstəyi və texnoloji üstünlük baxımından liderliyini davam etdirir.




Ekspertlər hesab edirlər ki, Çin uzunmüddətli perspektivdə iqtisadi həcmini artıraraq ABŞ-yə daha da yaxınlaşa bilər. Lakin yaşlanan əhali, daşınmaz əmlak böhranı və daxili iqtisadi problemlər Pekin üçün əsas risk faktorları sayılır. Yaxın illərdə Çin və ABŞ arasında iqtisadi rəqabət daha da sərtləşəcək və bu qarşıdurma qlobal iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevriləcək.




Fidan Hacızadə

Sfera.az