Dünyanın aparıcı inkişaf etməkdə olan iqtisadiyyatlarını birləşdirən BRICS ölkələrinin xarici işlər nazirləri Hindistanın paytaxtı Yeni Dehlidə mühüm məsələ üçün toplaşıblar. 




Sfera.az xəbər verir ki, bu görüş ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin qlobal enerji bazarlarında yaratdığı gərginlik və artan yanacaq qiymətlərinin kölgəsində keçirilir.




Hindistanın ev sahibliyi etdiyi və iki gün davam edəcək toplantıda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın öncüllük etdiyi 11 üzv ölkənin rəsmiləri iştirak edir.




İclasda İranın xarici işlər naziri Abbas Əraqçi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin Yeni Dehlidəki səfiri Şü Feyhonq təmsil olunur. Çin xarici işlər naziri Van Yi isə ABŞ Prezidenti Donald Trampın ölkəsinə səfəri səbəbindən Pekində olduğu üçün toplantıya qatıla bilməyib.




Toplantının açılış nitqi ilə çıxış edən Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar BRICS-in qlobal böhranlarla mübarizədəki əhəmiyyətinə toxunub. O bildirib ki, təşkilat inkişaf etməkdə olan ölkələrin maliyyə problemləri ilə yanaşı, enerji, qida və gübrə qiymətlərindəki kəskin artıma qarşı daha effektiv mübarizə aparmasına töhfə verə bilər.




"Beynəlxalq münasibətlərdə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə bir araya gəlmişik. İnkişaf etməkdə olan ölkələr BRICS-dən getdikcə daha çox konstruktiv və sabitləşdirici rol gözləyir”, - deyə S. Cayşankar bildirib.




14-15 may tarixlərində baş tutan zirvə çərçivəsində nazirlər təkcə iqtisadi deyil, həm də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Əsas diqqətin üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə və qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcəyi gözlənilir.




Bəsti Rəfizadə

Sfera.az