Bir çoxumuz günün böyük hissəsini telefon, planşet və kompüter ekranı qarşısında keçiririk. Rəqəmsal texnologiyalar artıq həm işimizin, həm təhsilimizin, həm də gündəlik ünsiyyətimizin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrdə vaxt keçirmək, xəbərləri izləmək, onlayn dərslər və məsafədən iş rejimi insanların ekran qarşısında keçirdiyi saatların sayını daha da artırıb. Xüsusilə gənclər və ofis işçiləri gün ərzində saatlarla ekrana baxmağa məcbur qalırlar.
Bəs görəsən, davamlı ekran qarşısında qalmaq diqqət və yaddaş problemlərinə səbəb ola bilərmi?
Nevroloq Röyanə Quluzadə Sfera.az-a açıqlamasında bildirib ki, müasir dövrdə insanların əksəriyyəti günün böyük hissəsini telefon, planşet və kompüter qarşısında keçirir.
Onun sözlərinə görə, uzun müddət ekrana baxmaq yalnız göz yorğunluğu yaratmır, həm də diqqət və yaddaş funksiyalarına müəyyən təsirlər göstərə bilir:
“Xüsusilə sosial şəbəkələrdə sürətli və davamlı informasiya axını beynin diqqəti uzun müddət bir mövzuda saxlamaq qabiliyyətini zəiflədə, konsentrasiyanın azalmasına səbəb ola bilər. Tez-tez dəyişən görüntü və məlumatlar insanın diqqətinin daha asan dağılmasına gətirib çıxarır. Bununla yanaşı, beyin məlumatı dərin şəkildə emal etmədikdə yeni informasiyanın uzunmüddətli yaddaşa köçürülməsi çətinləşir və insanlar oxuduqları və ya izlədikləri məlumatı daha tez unutduqlarını hiss edə bilirlər”.
Nevroloq vurğulayıb ki, davamlı ekran qarşısında qalmaq yuxu keyfiyyətinə də mənfi təsir göstərir:
“Xüsusilə gecə saatlarında telefon istifadəsi melatonin hormonunun azalmasına səbəb olaraq həm diqqət, həm də yaddaş funksiyalarını zəiflədə bilər. Mütəxəssislər beyin sağlamlığını qorumaq üçün hər 30-40 dəqiqədən bir qısa fasilə verməyi, gün ərzində ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmağı, fiziki aktivliyi artırmağı, keyfiyyətli yuxu rejimi formalaşdırmağı və kitab oxuma ilə canlı ünsiyyətə daha çox vaxt ayırmağı tövsiyə edirlər. Texnologiya həyatın vacib hissəsi olsa da, onun balanslı istifadəsi həm beyin, həm də ümumi sağlamlıq üçün böyük əhəmiyyət daşıyır”.
Niyaz Hacıyev
Sfera.az