Bu gün “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı Vyanada keçiriləcək. Yarışda Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək. Onun ifa edəcəyi mahnı "Just Go" adlanır. Musiqi ilə bağlı fikirlər birmənalı deyil.
Maraqlıdır, finala keçmək şansımız varmı?
2011-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuş Eldar Qasımov bu haqda Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, hər şey canlı performansdan asılı olacaq:
"Just Go” fərqli mahnıdır, bu isə “Avroviziya”da bəzən ən böyük üstünlük olur. Birmənalı olmayan rəylər də pis əlamət deyil. Deməli, mahnı insanlarda reaksiya yaradır. Əsas odur ki, JIVA səhnədə emosiyanı və enerjini düzgün ötürsün”.
Müğənni Azərbaycan tərəfinin xeyrinə olacaq bir nüansı da qeyd edib:
“Bu il münsif səsverməsi faktoru da bizim xeyrimizə işləyə bilər. Çünki JIVA çox güclü vokalistdir və canlı ifada özünü yaxşı göstərsə, peşəkar münsiflərdən yüksək xal almaq şansı kifayət qədər böyükdür. Məncə, final şansı var”.
Bəsti Rəfizadə
Sfera.az