Belçikanın Limburq əyalətində yerləşən və təbiətlə texnologiyanı bir araya gətirən unikal velosiped yolu ziyarətçilərin böyük marağına səbəb olub. “Suda Velosiped” layihəsi çərçivəsində inşa edilən bu cığır vasitəsilə velosipedçilər gölün üzərindən deyil birbaşa gölün içindən keçərək pedal sürmək imkanı əldə edirlər.
Sfera.az xəbər verir ki, 200 metrdən uzun olan velosiped yolu iki beton divar arasında yerləşir və suyun səviyyəsindən aşağı saxlanılır.
Bu sayədə velosipedçilər sanki suyun içində amma tam düz səth üzərində hərəkət edir. Layihə həm mənzərəsi, həm də memarlıq xüsusiyyəti ilə diqqət çəkir təbiətlə harmonik bir təcrübə təqdim edir.
2016-cı ildə tamamlanan bu layihə təkcə turizm məkanı deyil, həm də ekoloji faydalarla seçilir. Bokrijk şəhəri, Visit Limburg turizm agentliyi və yerli təbiət mühafizə orqanlarının əməkdaşlığı nəticəsində reallaşan cığır su axınını yaxşılaşdıraraq gölməçə suyunun daha uzun müddət təmiz qalmasına kömək edib.
Qeyd edək ki, velosiped yolu De Wijers göl mənzərəsi daxilində 91-ci qovşaqda yerləşir və Almaniya sərhədindən təxminən bir saatlıq məsafədədir. Ziyarətçilər Bokrijklaan 1,3600 Genk ünvanındakı avtomobil dayanacaqlarından istifadə edə və ictimai nəqliyyat vasitəsilə Bokrijk stansiyasına gələrək əraziyə rahatlıqla çata bilərlər. Bu unikal layihə həm yerli sakinlər, həm də turistlər üçün təbiət və idmanı birləşdirən nadir imkan yaradır.
Mənsumə
Sfera.az