“Azərbaycandakı fərdi investorların 70%-dən çoxu dollar aktivlərinə üstünlük verir. Xarici bazarlarda investisiya etmək istəyənlərin əksəriyyəti əsasən Amerika birjalarını seçir”.




Sfera.az xəbər verir ki, bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.




Onun sözlərinə görə, investorların ABŞ bazarına marağı daha çox həmin bazardakı likvidlik və məşhur şirkətlərlə bağlıdır:




“"Apple", "Microsoft", "Tesla" kimi şirkətləri hamı tanıyır. Amma yerli bazarda biz hələ o səviyyəyə çatmamışıq ki, insanlar kütləvi şəkildə yerli səhmlərə maraq göstərsinlər”.




N.Babazadə bildirib ki, investisiya sahəsində əsas problemlərdən biri maarifləndirmənin zəif olmasıdır:




“Biz “ABB İnvest” olaraq mütəmadi seminarlar keçiririk, universitetlərlə əməkdaşlıq edirik. Hətta yaxın gələcəkdə gənclər üçün simulyasiya oyunları yaratmağı planlaşdırırıq. Məqsəd odur ki, onlar real pul itirmədən birjada ticarət etməyi öyrənsinlər”.




O qeyd edib ki, bu cür layihələr gənclərdə həm təcrübə, həm də özünəinam formalaşdıracaq.




İcraçı direktor komissiya haqları ilə bağlı məsələyə də toxunub. O bildirib ki, xüsusilə rəqəmsal platforma üzərindən həyata keçirilən əməliyyatlarda tariflər minimuma endirilir:




“Məqsədimiz odur ki, hətta 100-200 dollarla başlayan investor da özünü rahat hiss etsin”.




N.Babazadə əlavə edib ki, investisiya bazarında rəqabət texnologiyaya davamlı yatırım tələb edir:




“Əgər biz bu gün tətbiqimizi təkmilləşdirməsək, sabah müştəri başqa xarici brokerə gedəcək. Ona görə də texnologiyaya çox ciddi yatırım edirik”.


 


Firuzə Əliyeva

Sfera.az