Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə İsrail və region ölkələri arasında aparılan gizli diplomatik təmaslar diqqət çəkib. Xüsusilə İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda baş verən görüşlər bölgədə yeni siyasi proseslərin anonsu kimi qiymətləndirilir. Son məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların ən gərgin vaxtında BƏƏ-yə gizli səfər edib və ölkə rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüş keçirib. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Netanyahu ilə BƏƏ rəhbəri arasında gizli görüş hansı məqsədlərə xidmət edə bilər? İsrail-İran qarşıdurması fonunda bu təmas regionda yeni siyasi və təhlükəsizlik əməkdaşlıqlarının formalaşdığını göstərirmi?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Aytən Qurbanovanın sözlərinə görə, hadisələrin inkişaf dinamikası onu deməyə əsas verir ki, regionda yeni eskalasiya riski yaranıb və hərbi əməliyyatların növbəti mərhələsinin başlanacağı təqdirdə İran artıq təkcə İsrail və Amerika Birləşmiş Ştatları ilə deyil, eyni zamanda digər Körfəz ölkələri ilə də qarşı-qarşıya qala bilər:
“Çünki İranın indiki mərhələdə müharibədən Amerika Birləşmiş Ştatları və İsrail qarşısında qalib çıxaraq özünü qalib elan etməsi region dövlətləri üçün ciddi təhdidlər yaradır. Məhz buna görə də uzun müddətdir davam edən proseslər çərçivəsində artıq Körfəz ölkələrinin İranın tamamilə məğlub olmadığı həddə hərbi əməliyyatların dayandırılmasında maraqlı olmadıqlarıını aydın şəkildə müşahidə edirik”.
Politoloq bildirib ki, İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında gizli diplomatik kanalların artıq açıq olması ilə bağlı yayılan məlumatlar və danışıqların davam etdirilməsi istiqamətində verilən informasiyalar da onu deməyə əsas verir ki, Körfəz ölkələri regionda baş verən prosesləri ciddi təhlükəsizlik təhdidi kimi qiymətləndirirlər:
“Bu isə növbəti mərhələdə, əgər hərbi əməliyyatların yeni dalğası başlasa, Körfəz ölkələrinin Amerika Birləşmiş Ştatları və İsraillə eyni mövqedən çıxış etməsi ilə bağlı ehtimalları və ssenariləri daha çox gündəmə gətirir. Hətta Səudiyyə Ərəbistanının İran tərəfindən bombalanması ilə bağlı müəyyən media korporasiyaları tərəfindən yayılan informasiyalar da olmuşdu. Bütün bu məlumatları ümumiləşdirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, region dövlətləri İrana qarşı vahid koalisiyada birləşərək, hərbi əməliyyatların birmənalı şəkildə başa çatdırılması və eyni zamanda İranın nüvə proqramının tamamilə məhv edilməsi istiqamətində Amerika Birləşmiş Ştatları və İsraillə ortaq mövqedən çıxış edə bilərlər. Bu isə regionun yeni təhlükəsizlik memarlığında daha optimal ssenari kimi qiymətləndirilən, region dövlətlərinin alyans şəklində birləşdirilməsi və İranın digər Körfəz ölkələri ilə mövcud ziddiyyətli maraqları bir kənara qoyaraq əməkdaşlıq istiqamətinə üstünlük verməsi ilə bağlı ehtimalları ciddi şəkildə zəiflədir. Nəticə etibarilə, hərbi əməliyyatların yeni mərhələsinin başlanacağı halda region dövlətləri arasındakı ziddiyyətlərin daha da dərinləşəcəyini və Körfəz ölkələrinə qarşı yarana biləcək təhdidlər fonunda İrana qarşı koalisiyanın daha da güclənəcəyini ehtimal etmək olar”.
Bəsti Rəfizadə
Sfera.az