“2026-cı ilin ilk 4 ayının nəticələrinə görə “ABB İnvest”in dövriyyəsi 14 milyard manat olub. Bazarda ikinci yerdə qərarlaşan şirkətin dövriyyəsi isə 4 milyard manat təşkil edib”.




Sfera.az xəbər verir ki, bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.




O bildirib ki, şirkətin Bakı Fond Birjası üzərindən həyata keçirdiyi əməliyyatlarda ən böyük artım repo əməliyyatlarında qeydə alınıb:




“Ən böyük artım repo əməliyyatlarındadır. Bu da əvvəlki suallara cavab olaraq həmin istiqamətdə atılan addımların nəticəsidir”.




N.Babazadə qeyd edib ki, korporativ müştərilərin sayında artım müşahidə olunur və bu da dövriyyənin yüksəlməsinə təsir edir:




“Rəqiblərimizdən hər hansı səbəbdən xidmət almayan və ya bizə keçid edən müştərilərin sayı artıb. Bunun nəticəsində Bakı Fond Birjası üzərindən aparılan əməliyyatların həcmində də yüksəliş müşahidə olunur”.




İcraçı direktor dövlət qiymətli kağızları bazarında müşahidə olunan enişə də toxunub. Onun sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən istiqraz emissiyasının olmaması bazardakı aktivliyə təsir göstərib:




“Mərkəzi Bankın not emissiyaları mütəmadi davam edir. Amma Maliyyə Nazirliyi istiqraz emissiya etmədiyi üçün dövlət qiymətli kağızlarında müəyyən eniş var”.




N.Babazadə xarici bazarlarda fəaliyyətlə bağlı da danışıb. O bildirib ki, “ABB İnvest” rəqiblərinin xarici bazar dövriyyəsini görə bilmədiyi üçün bazar payını tam qiymətləndirmək mümkün olmur. Bununla yanaşı, şirkət mövcud müştərilər arasında sorğular keçirərək onların istəklərini və narazılıqlarını öyrənir.




O, “ABB İnvest”in New York Stock Exchange üzərindən birbaşa əməliyyat aparmaq imkanının böyük üstünlük olduğunu da vurğulayıb:




“Bir Azərbaycan investisiya şirkətinin Nyu York Birjasında olması çox böyük üstünlükdür”.




Tədbirdə bildirilib ki, gələcəkdə investisiya bazarı ilə bağlı daha detallı statistik məlumatların açıqlanması üçün AKBİA xətti ilə iş aparılır. Assosiasiyanın saytında bazar iştirakçıları ilə bağlı məlumatların paylaşılması nəzərdə tutulur.


 


Firuzə Əliyeva

Sfera.az