ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, İran nüvə silahı hazırlamağa çox yaxındır və bir ton uranı silah əldə edə biləcək səviyyədə zənginləşdirməyə cəmi bir neçə həftə qalıb. İranın uran ehtiyatlarına toxunan Rayt deyib ki, bu ehtiyatların bəziləri 60 faizə qədər, əhəmiyyətli bir hissəsi 20 faizə qədər zənginləşdirilib, nüvə silahı istehsal etmək üçün isə təxminən 90 faiz zənginləşdirmə tələb olunur.




Bəzi ekspertlər hesab edir ki, ABŞ-nin energetika nazirinin İranın nüvə silahı əldə etməyə “bir neçə həftə” yaxın olduğu barədə açıqlaması yeni hərbi toqquşma riskini artırır?




Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında söyləyib ki, Yaxın Şərqdə savaşın yenidən bərpa olunma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir: 




“Çünki qarşı duran tərəflər danışıqlar masası arxasında ortaq mövqeyə gəlməkdə ciddi çətinlik çəkirlər. Hər iki tərəfin irəli sürdüyü şərtlər mövcuddur və bu şərtlər bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Xüsusilə İranın nüvə proqramının ləğvi məsələsi hazırda tərəflər arasında əsas mübahisə mövzusuna çevrilib. ABŞ İranın nüvə proqramından imtina etməsini tələb edir, rəsmi Tehran isə bunu öz suverenlik məsələsi hesab etdiyi üçün geri addım atmağa meyilli görünmür. Müzakirələrin sonsuzadək davam etməsi mümkün deyil. Müəyyən mərhələdə ya müsbət, ya da mənfi nəticənin ortaya çıxması qaçılmaz olacaq. Hazırkı müşahidələr isə yekun nəticənin daha çox neqativ məzmun daşıya biləcəyini göstərir. Bu isə Yaxın Şərqdə hərbi toqquşmaların yenidən alovlanması üçün münbit şərait yarada bilər”.


 





E.Xalidbəyli qeyd edib ki, ABŞ artıq Hörmüz boğazı ətrafına, daha dəqiq desək Yaxın Şərqə zərbə məsafəsində yerləşə biləcək nüvə başlıqları daşımaq imkanına malik sualtı qayıq göndərib:




“Vaşinqtonun bu barədə rəsmi məlumat yayması həm İrana, həm də onun regional müttəfiqlərinə açıq mesaj kimi qiymətləndirilir. Bu addım ABŞ-nin hadisələrin istənilən istiqamətdə inkişafına hazır olduğunu nümayiş etdirir.

Eyni zamanda, ABŞ rəsmilərinin İranın uranın zənginləşdirilməsi prosesində irəliləyiş əldə etməsi ilə bağlı açıqlamaları bölgədə hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalını gücləndirir. Bölgədə ABŞ-yə məxsus nüvə zərbəsi endirmək potensialına malik hərbi gəmilər və sualtı qayıqların mövcudluğu isə İran üçün taktiki nüvə təhlükəsi riskinin də gündəmdə olduğunu göstərən əsas amillərdən biri kimi qiymətləndirilir”.




Fidan Hacızadə

Sfera.az