Tayvan məsələsinin nizamlanmasına səhv yanaşma Çin və ABŞ arasında birbaşa toqquşmaya səbəb ola bilər.
Çin Sədri Si Cinpin bunu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı bildirib.
"Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruya biləcək. Əks halda, iki ölkə toqquşacaq və hətta münaqişəyə girəcək", - Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.
Bəs ABŞ qlobal maraqları naminə Tayvan məsələsində Çinə güzəşt edə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Tayvan məsələsi hazırda ABŞ-Çin münasibətlərinin ən həssas və potensial olaraq ən təhlükəli mövzusudur:
“Si Cinpinin Donald Trampla danışıqlarda verdiyi mesaj da təsadüfi deyil. Pekin açıq şəkildə göstərməyə çalışır ki, Tayvan məsələsi Çin üçün yalnız geosiyasi deyil, həm də milli suverenlik və dövlət bütövlüyü məsələsidir. Buna görə də Çin bu mövzuda kompromis imkanlarını son dərəcə məhdud hesab edir və xarici müdaxiləni qırmızı xətt kimi qəbul edir. ABŞ isə rəsmi olaraq “Vahid Çin” siyasətini tanısa da, praktikada Tayvanı tamamilə Çinin nəzarətinə buraxmaq istəmir. Vaşinqton üçün Tayvan Asiya-Sakit okean regionunda strateji balansın əsas elementidir. Tayvanın coğrafi mövqeyi Çin donanmasının Sakit okeana çıxışı baxımından kritik əhəmiyyət daşıyır. Bundan əlavə, Tayvan dünyanın ən mühüm yarımkeçirici istehsal mərkəzlərindən biridir və qlobal texnologiya sənayesində həlledici rol oynayır. Bu səbəbdən ABŞ üçün Tayvanın tam şəkildə Pekinin nəzarətinə keçməsi həm hərbi-strateji, həm iqtisadi, həm də texnoloji baxımdan ciddi risk hesab olunur. Başqa sözlə desək, ABŞ-nin Tayvanı tam şəkildə Çinin təsir zonasına verməsi hazırkı geosiyasi reallıqda çox çətin görünür. Bunun bir neçə səbəbi var. Əvvəla, ABŞ üçün bu addım qlobal liderlik imicinə ağır zərbə olar. Vaşinqtonun müttəfiqləri olan Yaponiya, Cənubi Koreya, Filippin və digərləri ABŞ-nin təhlükəsizlik zəmanətlərinə şübhə ilə yanaşmağa başlaya bilərlər. İkincisi, Tayvanın itirilməsi Çin üçün böyük geosiyasi qələbə demək olardı və Pekinin Asiya-Sakit okean regionunda dominant gücə çevrilməsini sürətləndirərdi. ABŞ isə məhz bunun qarşısını almağa çalışır”.
Politoloqun sözlərinə görə, digər mühüm məqam odur ki, Vaşinqton hazırda faktiki olaraq strateji qeyri-müəyyənlik siyasəti yürüdür:
“Bu qeyri-müəyyənlik həm Çini çəkindirmək, həm də Tayvanı formal müstəqillik elan etməkdən uzaq saxlamaq məqsədi daşıyır. ABŞ elə bir balans yaratmağa çalışır ki, nə Tayvanı tam müdafiəsiz qoysun, nə də Çinlə birbaşa müharibəyə sürüklənsin. Əslində, həm Vaşinqton, həm də Pekin anlayır ki, Tayvan ətrafında birbaşa hərbi toqquşma qlobal iqtisadiyyat və beynəlxalq təhlükəsizlik üçün fəlakətli nəticələr doğura bilər. Buna görə tərəflər sərt ritorikaya baxmayaraq, hələlik qarşıdurmanı idarəolunan səviyyədə saxlamağa çalışırlar. Amma risk getdikcə artır. Çünki Çin artıq əvvəlki kimi uzun müddət gözləməyə hazır görünmür, ABŞ isə regionda mövqelərini itirmək istəmir. Bu səbəbdən düşünürəm ki, Tayvan məsələsi yaxın onillikdə dünya siyasətinin əsas gərginlik nöqtələrindən biri olaraq qalacaq”.
Fidan Hacızadə
Sfera.az