Birləşmiş Millətlər Təşkilatı (BMT) son illərdə nüfuzunu itirib. Təşkilat artıq münaqişələrin, problemlərin həllinə təsir edə bilmir, onun qərarlarına əhəmiyyət verilmir.
Bu səbəbdən bəziləri BMT-nin yenidən təşkilinin vacib olduğunu düşünür.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamı başa çatıb.
Onun sözlərinə görə, bu səbəbdən də BMT başda olmaqla o dönəm qurulan beynəlxalq təşkilatlar funksionallığını tamamilə itiriblər:
“İndiyə qədər dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatlar ona görə effektli idi ki, ABŞ bu qurumların effektivliyinin təmin olunmasında qarant rolunda çıxış edirdi. Amma artıq ABŞ özü sistemin çöküşünü sürətləndirən addımlar atdı. Hazırda proseslərə daha çox petrodollar sisteminin çöküşü fonunda baxmalıyıq. Petrodollar sistemi indiyədək ABŞ-nin hegemoniyasının əsasını təşkil edib. Bu sistemin çöküşü fonunda ABŞ hegemoniyasını qorumaq üçün beynəlxalq hüququn tam iflasını gətirən addımlar atdı”.
Müsahibimiz Venesuela hadisəsini nümunə göstərərək qeyd edib ki, yeni dünya nizamında milli dövlətlərin həlledici amilə çevrilməsini və qlobalizmin iflasını daha çox ehtimal etmək olar:
“Bu isə o deməkdir ki, dövlətlər üzərində həlledici təsirə malik qlobal maliyyə sisteminin törəmə quruluşları olan beynəlxalq təşkilatlar dönəmi bitib. Buna görə də BMT başda olmaqla beynəlxalq təşkilatların əvvəlki gücünü bərpa etməsi, yaxud islahatlarla nəticə əldə olunması mümkünsüz görünür”.
Niyaz Hacıyev
Sfera.az