İtaliyalı mütəxəssis Karlo Ançelotti Braziliya milli futbol komandası ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Sfera.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb.
66 yaşlı məşqçi ilə əvvəlki müqavilə 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulmuşdu. Ançelotti 2025-ci ilin yayından Braziliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Braziliya yığması qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Ançelottinin son klubu İspaniyanın “Real Madrid” komandası olub. O, Madrid təmsilçisinə 2013-2015-ci illərdə rəhbərlik edib, 2021-ci ildə isə yenidən kluba qayıdıb. Təcrübəli mütəxəssis “Real Madrid”lə iki dəfə İspaniya çempionluğu, İspaniya Kuboku və Superkubokunu qazanıb. O, həmçinin klubla üç dəfə UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.
Ançelotti məşqçi karyerası ərzində İngiltərənin “Çelsi”, Almaniyanın “Bayern Munich”, İtaliyanın “Milan” və Fransanın “Paris Saint-Germain” klubu kimi nəhəng klublarında da çalışıb və bir sıra titullar qazanıb. İtaliyalı mütəxəssis tarixdə Avropanın ən güclü beş çempionatının hamısını qazanan ilk məşqçi kimi futbol tarixinə düşüb. O, həmçinin beş dəfə UEFA Çempionlar Liqasının qalibi olaraq bu turnirin ən uğurlu məşqçisi hesab olunur.
Niyaz Hacıyev
Sfera.az