Rusiya Kiyevin nəzarətində olan ərazilərdən 205 rusiyalı hərbçini geri qaytarıb, qarşı tərəfə isə Ukrayna Silahlı Qüvvələrinin 205 hərbi əsiri təhvil verilib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.
Məlumatına görə, azad edilən rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir və onlara lazımi yardım göstərilir:
"Mayın 15-də Kiyev rejiminin nəzarətindəki ərazilərdən 205 Rusiya hərbçisi qaytarılıb. Bunun müqabilində Ukrayna tərəfinə 205 hərbi əsir verilib. Hazırda rusiyalı hərbçilər Belarus Respublikasının ərazisindədir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir".
Nazirlikdən verilən məlumata görə, rusiyalı hərbçilərin əsirlikdən qaytarılmasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) humanitar xarakterli vasitəçilik səyləri göstərib. Azad edilən bütün hərbçilərin müalicə və reabilitasiya keçmək üçün yaxın vaxtlarda Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırılacağı qeyd olunub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rusiya və Ukraynanın 3 günlük atəşkəs elan edəcəyini və əsirləri dəyişəcəyini bəyan edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə rəsmi Mosvkanın Trampın 9-11 may tarixlərində atəşkəs rejimi elan olunması və bu müddətdə Kiyevlə “1000-in 1000-ə” formulası üzrə əsir dəyişdirilməsi təşəbbüsü ilə razılaşdığını bildirib. Y. Uşakov mayın 9-da verdiyi açıqlamada tərəflərin müvafiq xidmətlərinin əsir siyahıları üzərində aktiv iş apardığını və razılıq əldə olunacağı təqdirdə prosesin dərhal başlayacağını qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az