Hörmüz boğazının bağlanmasından artıq iki ay yarım keçir. İlk baxışdan beynəlxalq ictimaiyyət və bazarlar yaranmış vəziyyətə tədricən uyğunlaşmış kimi görünür. İnformasiya axını əvvəlki qədər gərgin olmasa da, qlobal iqtisadiyyatda böhranın təsirləri hələ də davam edir. Xüsusilə enerji daşıyıcılarının qiymətindəki dəyişikliklər, yükdaşımaların bahalaşması və təchizat zəncirində yaranan problemlər bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməkdədir.




Maraqlıdır, Hörmüz boğazının bağlanmasının dünya iqtisadiyyatına uzunmüddətli təsirləri hansı sahələrdə daha ciddi hiss olunur və yaxın aylarda enerji qiymətləri ilə yanaşı, ərzaq və logistika bazarında hansı risklər gözlənilir?




Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazının uzun müddət bağlı qalması dünya iqtisadiyyatında ən ciddi təsiri enerji, nəqliyyat, sənaye və ərzaq sektorlarında göstərir.


 


Onun sözlərinə görə, bu marşrut qlobal neft və mayeləşdirilmiş qaz (LNG) tədarükünün mühüm hissəsini daşıdığı üçün alternativ yollar həm daha baha, həm də daha məhdud imkanlıdır:


 



“Nəticədə enerji daşıyıcılarının qiyməti yüksək səviyyədə qalır və bu da istehsal xərclərinin artmasına səbəb olur. Xüsusilə enerji resurslarından asılı olan sənaye sahələrində istehsalın zəifləməsi, bəzi müəssisələrdə fəaliyyətin məhdudlaşdırılması və daşınma xərclərinin artması müşahidə olunur. Dəniz daşımalarında marşrutların dəyişməsi logistika müddətlərini uzadır, sığorta xərclərini artırır və beynəlxalq ticarətdə gecikmələr yaradır”.




Müsahibimiz qeyd edib ki, yaxın aylarda ərzaq bazarında da risklərin dərinləşəcəyi gözlənilir:




“Çünki yanacaq və logistika xərclərinin artması kənd təsərrüfatı məhsullarının maya dəyərinə birbaşa təsir edir. Bu isə xüsusilə idxaldan asılı ölkələrdə ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər. Bununla yanaşi Hörmüz boğazının uzun müddət bağli qalmasi gübrə qiymətlərini bahalaşdırıb ki, bu da yeni məhsul ilində kənd təsərrüfatı məhsullarının maya dəyərini artıracaq. Eyni zamanda bəzi məhsullar üzrə təchizat zəncirində fasilələr, çatışmazlıq və inflyasiya riskləri də arta bilər. Yəni bu blokada böhranmeyilli olan dünya iqtisadiyyatının ümumi iqtisadi böhrana doğru yuvarlanma sürətini bir qədər də artırır”.




Niyaz Hacıyev 

Sfera.az