ABŞ Prezidenti Donald Tramp Çinə etdiyi rəsmi səfərin nəticələrini yüksək qiymətləndirib. Ağ Ev rəhbəri bu səfəri "son dərəcə uğurlu" adlandıraraq, iki qlobal güc arasında mühüm razılaşmaların əldə olunduğunu bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Amerika liderinin fikirlərinə istinadən məlumat yayıb.
Səfərin yekunları barədə danışan D.Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinə xüsusi təşəkkürünü bildirib:
"Çjunnanhaya səfər etmək dəvətinə görə Prezident Si Cinpinə çox minnətdaram. Çinə bu səfər son dərəcə uğurlu keçdi, bütün dünyanın diqqətini cəlb etdi və unudulmaz xatirələrlə yadda qalacaq".
ABŞ prezidenti qeyd edib ki, tərəflər arasında aparılan danışıqlar real nəticələrlə yekunlaşıb. Səfər çərçivəsində bir çox problemli məsələlər həllini tapıb və çoxsaylı müqavilələr imzalanıb:
"Tərəflər bir sıra vacib konsensuslara gəldilər, çoxsaylı müqavilələr imzaladılar və bir çox məsələləri həll edə bildilər. Hesab edirəm ki, bu, həm iki ölkəyə, həm də bütün dünyaya böyük fayda gətirəcək".
Vaşinqton-Pekin münasibətlərinin qlobal miqyasda daşıdığı əhəmiyyətə toxunan Tramp, bu əlaqələrin gələcəyinə nikbin yanaşdığını gizlətməyib:
"ABŞ-Çin əlaqələri çox vacibdir və şübhəsiz ki, daha da yaxşılaşacaq. Mən prezident Si Cinpinlə səmimi və dərin ünsiyyətimi davam etdirmək niyyətindəyəm. Yaxın gələcəkdə onu Vaşinqtonda salamlamağı səbirsizliklə gözləyirəm".
Bəsti Rəfizadə
Sfera.az