Elm dünyası qlobal iqlim sisteminin ən dağıdıcı hadisələrindən hesab edilən “El Nino”nun rəsmi şəkildə başladığını açıqlayıb.
Sfera.az xəbər verir ki, alimlərin qiymətləndirməsinə görə, ekvatorial Sakit okeanda formalaşan nəhəng istilik kütləsi müasir tarixin ən güclü iqlim hadisələrindən birinə çevrilə bilər.
2026-cı il üzrə aparılan iqlim modelləşdirmələri göstərir ki, qarşıdakı dövr adi meteoroloji dəyişiklikdən daha ciddi xarakter daşıyır. Tədqiqatçılar bunu “Super El Nino” adlandırır və onun tarixdə milyonlarla insanın həyatına təsir edən böyük iqlim böhranları ilə oxşarlıq təşkil etdiyini bildirirlər.
Ekspertlərin sözlərinə görə, okean səthində qeydə alınan anormal istiləşmə atmosfer dövranını dəyişdirərək dünyanın müxtəlif bölgələrində yağıntı rejimini pozur. Bu isə bəzi ərazilərdə uzunmüddətli quraqlıq, digər regionlarda isə dağıdıcı sel və fırtınalara səbəb ola bilər.
Mütəxəssislər xüsusilə 1877-ci ildə baş vermiş və genişmiqyaslı qıtlıqla nəticələnən iqlim hadisələri ilə paralellər aparırlar. Bildirilir ki, hazırkı proseslər qlobal ərzaq və su təhlükəsizliyi üçün ciddi risklər yaradır. Alimlərin diqqət çəkdiyi əsas məqamlardan biri isə “El Nino” hadisəsinin insan fəaliyyəti nəticəsində sürətlənən qlobal istiləşmə ilə eyni vaxta təsadüf etməsidir. Rekord səviyyəyə çatan okean temperaturları istilik dalğalarının, meşə yanğınlarının və ekstremal hava hadisələrinin təsirini daha da gücləndirə bilər.
Araşdırmalara əsasən, qarşıdakı aylarda enerji şəbəkələrində yüklənmə və mümkün kəsintilər, balıqçılıq sektorunda ciddi itkilər, mərcan riflərinin kütləvi məhvi, qlobal ərzaq təchizatında problemlər və su qıtlığı və kənd təsərrüfatında məhsuldarlığın azalması kimi risklərin artacağı gözlənilir.
Tədqiqatçılar hökumətləri və beynəlxalq təşkilatları infrastruktur, səhiyyə və ərzaq təminatı sistemlərini mümkün iqlim şoklarına qarşı hazırlamağa çağırırlar. Onların fikrincə, qarşıdakı dövr qlobal sistemlərin ekstremal iqlim dəyişikliklərinə davamlılığını ciddi şəkildə sınağa çəkəcək.
Fidan Hacızadə
Sfera.az