ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra Kremldən beynəlxalq gündəmi sarsıdacaq yeni bir açıqlama gəlib. Kreml sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin də mayın 20-də Çinə səfər edəcəyini bəyan edib. Məlumata görə, Rusiya prezidentinin Çinə səfəri birgünlük olacaq. 

 


Maraqlıdır, həm ABŞ, həm də Rusiya liderlərinin ard-arda Çinə səfər etməsi qlobal siyasətdə yeni bir güc balansının formalaşdığından xəbər verir? Putinin səfərinin məqsədi nədir?




Məsələ ilə bağlı siyasi şərhçi Şakir Ağayev Sfera.az-a açıqlama verib.


 


Ekspert Putinin Çinə səfərinin bir neçə ay öncədən bəlli olduğunu bildirib və Rusiya bütün proseslərdə yaxından iştirak etmək istəyir:


 




“Biz bilirik ki, Rusiya ilə Çin çox yaxın strateji müttəfiqlərdir. Onlar dünya problemlərinin həllində birgə iştirak edirlər. Dünyanın yenidən bölünməsi məsələsində Çinlə Rusiyanın mövqeləri üst-üstə düşür. Yəni hər iki dövlət təkqütblü dünyaya qarşıdır. Söhbət çoxqütblü dünya modelindən gedir və həm Çin, həm də Rusiya orada çox aktiv iştirak etmək istəyir. Hər iki dövlət, o cümlədən Amerika Birləşmiş Ştatları, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Son Rusiya-Ukrayna müharibəsindən sonra Çin-Rusiya əlaqələri istər iqtisadi, istər siyasi, istərsə də digər sahələrdə daha da güclənib. Bunu dəfələrlə hər iki tərəf bəyan edib. Həm Çin rəhbərlərinin ən yüksək səviyyədə Rusiyaya tez-tez səfərləri, həm də Rusiya tərəfindən yüksək səviyyədə Çinə edilən səfərlər bunu göstərir. Bilirik ki, ən böyük logistika yollarından biri də Çin üzərindən Rusiyaya keçir və Rusiyanın ən böyük enerji alıcısı da Çindir. Putinin məqsədi də ondan ibarətdir ki, Çin-Rusiya münasibətləri yeni geosiyasi dünyanın qurulmasında, nizamlanmasında və düzənlənməsində birgə hərəkət etsin və bu əməkdaşlıq davamlı olsun. Çinlə Rusiya dünyanın yenidən formalaşdırılmasında supergüclər kimi iştirak edir və çoxqütblü dünyanın bərpasına çalışırlar”.


 



 




Ş.Ağayev Putinin Çinə səfərinin məqsədini izah edib, həmçinin Trampın Si Cinpinlə olan görüşünü də təhlil edib:


 




“Putin bu səfərlə həmin siyasi xətti daha da möhkəmləndirmək və Çinlə birgə hərəkətin davam etdirilməsinə əmin olmaq istəyir. Həm Putin, həm də Si Cinpin dəfələrlə bildiriblər ki, dünya təhlükəsizlik sisteminin qorunmasında və qlobal təhlükəsizliyin təmin olunmasında Rusiya ilə Çinin birgə apardığı xarici siyasət mühüm rol oynayır. Məqsəd də bu prosesləri davam etdirmək və həmin hədəflərə nail olmaqdır.


 




Trampın səfərinə gəldikdə isə biz bilirik ki, onun bu səfərinin əsas məqsədlərindən biri qiymətli metallar məsələsinin Çinlə müzakirəsi idi və Amerika üçün qiymətli metalların alınması məsələsi gündəmə gətirilib. Çinin də Amerika ilə aparacağı böyük müzakirələr var idi. Birinci növbədə Çin üçün əsas maraq doğuran məsələ Tayvan idi. Bilirsiniz ki, Tayvan məsələsində Çin rəhbərliyi açıq şəkildə bildirib ki, əgər ABŞ Tayvanı müdafiə etsə, bu, ABŞ ilə Çin arasında açıq müharibəyə gətirib çıxara bilər. Ukrayna məsələsi də, İran məsələsi də müzakirə olunan mövzular sırasında idi. Tramp həmişəki kimi öz ampluasında qeyd etdi ki, çox gözəl görüş alınıb. Sözsüz ki, iki böyük hegemon dövlətin, iki böyük gücün əməkdaşlığı məsələsi ön plana çıxırdı. Bunu Çin rəhbəri Si Cinpin də qeyd edib. O bildirib ki, yenidən doğulan Çinlə böyük Amerikanın əməkdaşlığı ancaq dünyaya xeyir gətirə bilər”.


 


Bəsti Rəfizadə


Sfera.az