Vaşinqton və Pekin Hörmüz boğazının hərbiləşdirilməməsi və oradan keçid üçün heç bir rüsum alınmaması barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio bunu “NBC News”a verdiyi müsahibədə bildirib.




Vaşinqton və Pekinin Hörmüz boğazının hərbiləşdirilməməsi ilə bağlı ortaq mövqeyi İranın regiondakı siyasətinə necə təsir edə bilər? Bu addım bölgədə hərbi gərginliyin azalmasına real töhfə verə bilərmi?




Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton və Pekinin Hörmüz boğazı ilə bağlı eyni mövqedən çıxış etməsi İran üçün ciddi diplomatik siqnaldır:


 



 


“Çünki Tehran adətən Hörmüz kartından Qərbə qarşı təzyiq vasitəsi kimi istifadə edir: boğazın bağlanması, hərbiləşdirilməsi və ya keçidə rüsum tətbiqi ideyası İranın əlində “regional leverage” kimi görünür. Amma ABŞ-lə yanaşı Çinin də bu xəttə qarşı çıxması İranın manevr imkanlarını daraldır. Çin İranın mühüm iqtisadi tərəfdaşı və enerji alıcısıdır, ona görə Pekinin “Hörmüz açıq qalmalıdır” mövqeyi Tehrana göstərir ki, bu məsələ artıq təkcə ABŞ-lə qarşıdurma deyil, qlobal enerji təhlükəsizliyi məsələsidir. Rubio da bildirib ki, Çin tərəfi boğazın hərbiləşdirilməsinə və keçid üçün rüsum sisteminə qarşıdır”.  




Politoloq vurğulayıb ki, enerji bazarları baxımından bu razılaşma neft qiymətlərində panikanı azaltmağa xidmət edə bilər:




“Hörmüz boğazı qlobal enerji nəqli üçün ən həssas keçidlərdən biridir və burada hərbi riskin artması dərhal qiymətlərə, sığorta xərclərinə və daşımaların təhlükəsizliyinə təsir edir. ABŞ və Çinin ortaq mövqeyi bazarlara belə mesaj verir: böyük güclər ən azı enerji axınının dayandırılmasında maraqlı deyil. Amma bu, avtomatik olaraq bölgədə gərginliyin azalacağı demək deyil. Əgər İran öz təhlükəsizlik maraqlarının nəzərə alınmadığını düşünsə və ya ABŞ İran üzərində hərbi-siyasi təzyiqi artırsa, Hörmüz yenə də böhran nöqtəsi olaraq qala bilər. Ona görə bu addım real töhfədir, amma həlledici sülh mexanizmi deyil. Daha çox İranı çəkindirməyə, bazarlara sakitləşdirici siqnal verməyə və Çin üzərindən Tehrana əlavə diplomatik təzyiq yaratmağa hesablanmış addımdır”.




Niyaz Hacıyev 

Sfera.az