Dünyaca məşhur ABŞ "fast-food" şəbəkəsi “Five Guys” maliyyə çətinlikləri səbəbindən ölkədəki bəzi filiallarını bağlamaq qərarına gəlib. 




Sfera.az xəbər verir ki, şirkət 2026-cı ilə qədər ən azı 14 filialını bağlayaraq əməliyyatlarını optimallaşdırmağı planlaşdırır.




Siyahının başında Kaliforniya ştatı dayanır. İqtisadi xərclərin artması və əməliyyat çətinlikləri səbəbindən Treysi, Beykrsfild, Ranço Mireyc və Valensiyadakı filiallar tamamilə fəaliyyətini dayandırıb. Bu qərar nəticəsində yalnız Kaliforniyada 55 işçi işini itirəcək. Şirkət bu addımla ABŞ bazarında daha səmərəli və gəlirli filiallara fokuslanmağı hədəfləyir.




ABŞ-dəki zərərli filiallarını bağlayan “Five Guys”, eyni zamanda, Avropa və inkişaf etməkdə olan bazarlara yönəlir. Şirkət Avropa əməliyyatlarını genişləndirmək məqsədilə 185 milyon funt sterlinq dəyərində yeni kredit müqaviləsi imzalayıb.




“Five Guys”-ın rəsmi açıqlamasında bildirilib ki, şirkət həm mövcud bazarlardakı fəaliyyətini optimallaşdıracaq, həm də yeni bazarlarda şəbəkəsini genişləndirməyə davam edəcək. Bu addımlar brendin dünya üzrə pərəstişkar bazasını daha da artırmaq məqsədini daşıyır.


 


Mənsumə

Sfera.az