ABŞ Prezidenti Donald Tramp Çində keçirilən görüşlərdən sonra açıqlamasında Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirib. O qeyd edib ki, ABŞ regiondakı maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün fəaliyyətlərini davam etdirəcək.




Trampın bu açıqlamasını Çin rəhbəri ilə keçirilən görüşdən sonra verməsi belə bir sual doğurur: ABŞ Çində istədiyi dəstəyi ala bilib? 


 


Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Tural İrfan ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin indiki mərhələdə mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.


 


Onun sözlərinə görə, səfər əsasən iqtisadi və ticarət maraqlarını hədəfləsə də, burada hərbi və təhlükəsizlik məsələləri üzrə də müəyyən anlaşmaların əldə olunması mümkündür:


 


“Çin üçün əsas prioritet təhlükəsizlik və iqtisadi maraqlardır. Əgər ABŞ bu istiqamətdə Pekinlə razılığa gələ bilsə, o zaman İrana qarşı əməliyyatların yenidən aktuallaşması ehtimalı da arta bilər. Qeyd etmək lazımdır ki, ABŞ-nin İrana qarşı hücumları dayandırması Çin faktoruna görə baş verməmişdi. Əksinə, bəzi ekspertlər hesab edir ki, Vaşinqtonun əsas strateji hədəfi məhz Çindir və ABŞ hazırda Rusiya və İran kimi Pekinin tərəfdaşlarını zəiflətməyə çalışır. Bu baxımdan, ABŞ liderinin Çinə səfərindən sonra verdiyi açıqlamalar müəyyən manipulyasiya elementi də daşıya bilər”.


 



 


T.İrfanın sözlərinə görə, məqsəd dünyada belə bir rəy formalaşdırmaqdır ki, guya Pekin Vaşinqtonla anlaşdıqdan sonra İranı dəstəksiz qoyub: 




“Lakin məsələnin mahiyyəti daha çox maraqlar, strateji hədəflər və iqtisadi hesablamalarla bağlıdır. Bu istiqamətlər üzrə razılaşma əldə olunarsa, Çin ABŞ-nin izahları və təzyiqləri fonunda prosesdə neytral mövqe tuta bilər. Digər tərəfdən, ABŞ-nin Çindən kritik səviyyədə asılı olmadığı da vurğulanır. Vaşinqtonun İrana qarşı əməliyyatları təxirə salmasında əsas məqsəd yeni hədəfləri müəyyənləşdirmək və hazırlıq prosesini tamamlamaq idi. ABŞ rəsmiləri hərbi əməliyyatların davam edəcəyini əvvəldən də açıq şəkildə bildiriblər”.


 


Fidan Hacızadə

Sfera.az