İspaniya Futbol Hakimləri Assosiasiyası “Real Madrid”in Prezidenti Florentino Peresə qarşı intizam tədbirlərinin görülməsi üçün Kral İspaniya Futbol Federasiyasının (RFEF) İntizam Komitəsinə müraciət edib. Bu barədə “Marca” qəzeti məlumat yayıb.
Sfera.az xəbər verir ki, müraciət Peresin 12 və 13 may tarixlərində səsləndirdiyi açıqlamalarla əlaqələndirilir.
“Real Madrid” prezidenti əvvəlcə klubun məşq bazasında keçirdiyi mətbuat konfransında, daha sonra isə jurnalist Xosep Pedrerola verdiyi müsahibədə “Neqreyra işi”nə toxunub.
Peres həmin çıxışlarında İspaniya La Liqasının idarəetmə strukturunun “Real Madrid”ə qarşı mövqe tutduğunu, “Barselona”nın isə uzun illər ərzində üstünlük qazandığını iddia edib. O, həmçinin hakimlərin kataloniyalı klubun xeyrinə qərarlarla maddi qazanc əldə etdiklərini irəli sürüb.
Hakimlər Assosiasiyasının bəyanatında qeyd olunub ki, bu cür açıqlamalar hakimlik institutunun nüfuzuna ciddi zərbə vurur. Təşkilat Peresin ictimai şəkildə üzr istəməsini, həmçinin mənəvi və peşəkar nüfuza dəyən ziyana görə kompensasiya ödənilməsini tələb edir.
Assosiasiya hesab edir ki, səsləndirilən fikirlər hakimlər icmasına qarşı “sistemli və əsassız hücum” xarakteri daşıyır və bu, qurumun nizamnaməsinə ziddir.
Qeyd edək ki, 2023-cü ildə “Barselona” İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərlə bağlı rüşvət ittihamı ilə gündəmə gəlmişdi. Məlumatlara görə, 2001-2018-ci illər arasında Neqreyra ilə əlaqəli şirkətlər “Barselona”dan təxminən 7 milyon avro vəsait alıb. Mediada yayılan iddialarda həmin şirkətlərin klubun matçları ilə bağlı yazılı hesabatlar və hakim profilləri təqdim etdiyi də bildirilir.
Niyaz Hacıyev
Sfera.az